Türkiyə Əsədin kimyəvi silah işlətdiyini sübut edib

“The Guardian” yazır ki, Türkiyənin səhiyyə naziri Suriyanın Xan Şeyxun məntəqəsində kimyəvi hücuma məruz qalanların qan və sidik nümunələrindən zarin qazı izlərinin aşkar olunduğunu bəyan edib.

Nazir bu nəticəni bu məntəqəyə kimyəvi silahla hücum edildiyinin “konkret sübutu” adlandırıb.

Bundan əvvəl, ötən həftə baş vermiş qətliam yerini araşdıran həkimlər və humanitar yardım işçiləri də yaralıları müayinə etdikdən sonra onlara qarşı zarin və bir də əsəbləri iflic edən xlorin qazından istifadə olduğunu bildirmişdilər.

ABŞ Bəşər Əsəd rejimi tərəfindən törədildiyi deyilən kimyəvi hücumun ardınca Suriyadakı hökumət qüvvələrinin hərbi bazasına raket zərbələri endirib.

Sözü gedən kimyəvi hücum qurbanlarının çoxu Suriyada zəruri müalicə müəssisləri olmadığından Türkiyəyə aparılmışdı. Burada keçirilmiş qan və sidik analizləri 80 nəfərin ölümünə hansı kimyəvi zəhərlərin səbəb olduğuna aydınlıq gətirib.
Türkiyənin səhiyyə naziri Recep Akdağ deyib ki, qan və sidik nümunələrində izopropil metil-fosfon turşusu (isopropyl methylphosphonic acid) aşkar olunub. Kimyəvi silahlarda istifadə edilən zarin qazı parçalanarkən məhz bu mürəkkəb maddəyə çevrilir.

Kimyəvi hücumdan sonra Türkiyəyə 30 pasient gətirilib və onlardan bəziləri burada vəfat edib.

“The Guardian” yazır ki, hücum qurbanlarının Türkiyədə keçirilmiş autopsiyasında Dünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak ediblər. Onlar hücum zamanı zarin qazından istifadə olunduğunu təsdiq ediblər.

Məqalədə deyilir ki, Türkiyədə keçirilmiş analizlərin cavabları heç şübhəsiz Əsəd rejimini ittiham edən Qərb dövlətlərinin hiddətini daha da artıracaq.

Bundan əvvəl ABŞ dövlət katibi Rex Tillerson da Xan Şeyxunda zarin qazından istifadə olunduğuna dair “çox güclü inamın” mövcudluğunu bəyan etmişdi.

O, həmçinin, deyib ki, bu qazın Əsəd qüvvələri tərəfindən işlədildiyinə də şübhə yoxdur.

Suriya münaqişəsində Əsəd rejimini dəstəkləyən Rusiya isə iddia edir ki, guya zəhərli qazlar hökumət qüvvələrinin zərbəsinə məruz qalmış qiyamçı silah anbarlarından sızıb.

“The Guardian” qəzetinin müxbiri kimyəvi hücuma məruz qalan ərazidə olub və Rusiyanın iddialarını təsdiq edən heç bir dəlil tapmadığını yazıb.

Burada atılıb qalmış anbarda isə yalnız boş silos quyuları vardı.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı mətbuat konfransında bildirib ki, Qərb və Türkiyənin Suriya hökumətini İdlibdə dinc sakinlərə qarşı zarin qazından istifadədə ittiham etməsi, onun yadına Səddam Hüseynin kütləvi qırğın silahları anbarına malik olması barədə iddiaları salıb.

O deyib ki, 2003-cü ildə ABŞ-ın BMT-dəki səfirləri İraqda tapıldığı iddia edilən nümunələri göstərirdilər.
“Biz bütün bunları görə-görə gəlmişik” – deyib Putin.

“The Guardian” yazır ki, bu kimyəvi hücum ABŞ-ın Suriyaya dair siyasətini dəyişdirib. Bundan əvvəlki administrasiya Əsəd rejiminə qarşı hərbi müdaxiləyə əl atılmasını istəmirdi.

Lakin aprelin 7-də ABŞ Suriyaya 59 Tomahawk raketi ilə zərbə endirib.

ABŞ rəsmiləri bildirirlər ki, onlar Əsəd hakimiyyətdə olduqca münaqişənin siyasi həllini görmürlər (BBC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR