Vəkillər Kollegiyasına ancaq “öz adamlarını” qəbul edirlər

XIII əsrdə Parisdə ilk müstəqil vəkillər təşkilatı – Paris vəkillər kollegiyası yaradıldı. Hazırda Vəkillər Kollegiyası bir çox ölkələrdə fəaliyyət göstərir. İki və daha artıq vəkil Vəkillər kollegiyasını yarada bilər. Bir çox ölkələrdə bir neçə Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyası vətəndaşlara və hüquqi şəxslərə  peşəkar hüquqi yardım göstərə bilər (soldiers-mothers-rus.ru).

Azərbaycan qanunvericiliyinə görə, məhkəmələrdə cinayət işləri ilə bağlı ancaq Vəkillər Kollegiyasının üzvləri vəkil kimi iştirak edə bilər. Tanınmış hüquqşünas Aslan İsmayılov LEGİON-a bildirib ki, Azərbaycanın da 1990-cı ildə qoşulduğu Haaqa Konvensiyasına görə, istənilən hüquqşünas heç bir məhdudiyyət olmadan vəkillik fəaliyyəti ilə məşğul ola bilər:“Amma buna baxmayaraq Azərbaycanın mövcud qanunvericiliyinə görə cinayət işləri ilə bağlı ancaq Vəkillər Kollegiyasının üzvləri vəkil kimi məhkəmə proseslərində iştirak edə bilər”.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü İradə Cavadova isə LEGİON-a bildirib ki, Vəkillər Kollegiyasının üzvü olmaq üçün mütləq 3 illik hüquqşünas təcrübəsi olmalıdır: “ Lazımi sənədlər təqdim ediləndən sonra vəkil olmağa iddiaçılar test imtahanlarında iştirak edir. Hansı ki, nəticələr mətbuatda dərc olunur”.

Vəkilin sözlərinə görə, test imtahanlarını uğurla vermiş vəkilliyə namizədlər şifahi müsahibədən keçirlər: “Şifahi müsahibə ixtisas-peşə üzrə imtahan hesab edilir. Çox az hallarda kimsə bu imtahandan keçmir. Bəzi vəkilliyə namizədlər dövlət qulluğuna daxil olmaq məqsədilə şifahi müsahibədən imtina edir”.

İradə Cavadovanın sözlərinə görə, şifahi müsahibədən keçən vəkilliyə iddiaçılar Ədliyyə Nazirliyinin Akademiyasına hazırlıq kursuna göndərilir: “Kursu bitirdikdən sonra Akademiyada daxili imtahan keçirilir. Bu imtahandan keçən namizədlərin şəxsi işi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olur. Və Rəyasət Heyəti üzvlərinin səsverməsi ilə iddiaçı Kollegiya üzvü olur və vəkillik andı içir”.

Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov isə məsələ ilə bağlı LEGİON-a söyləyib ki, vəkil olmaq üçün imtahan, müsahibə kimi çoxpilləli qayda arzuolunmaz şəxslərin vəkil olmasına əngəl yaratmaq, Kollegiyaya “öz adamları”nı yerləşdirmək üçündür. Abbasovun sözlərinə görə, başqa ölkələrdə vəkillik fəaliyyəti göstərmək üçün heç bir əngəl-məhdudiyyət yoxdur. İddiaçılar test imtahanlarını verəndən sonra şifahi müsahibəyə nə ehtiyac var ? Bu sualı Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə versək də o təəssüf ki, sualımıza cavab verməkdən imtina etdi.

 Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR