Vergilər Nazirliyi cərimələrin hesabına özünümaliyyələşdirməklə məşğuldur

Rusiya imperiyasının əsasını qoyan I Pyotr öz ətrafında “gəlir gətirənlər ordusu” saxlayırdı. “Gəlir gətirən”in işi yeni gəlir mənbələrini axtarıb tapmaq və dövlət xəzinəsinə yönəltmək idi. Həmin “gəlir gətirən”lərdən biri Şafirovun təklifi ilə Rusiyada “saqqal vergisi” təyin olundu. Və bu vergi Rusiyanın dövlət xəzinəsinə xeyli gəlir gətirdi. Azərbaycanda cinayətə görə tətbiq olunan cərimələrin maksimum həddi iki dəfə artırılır. APA xəbər verir ki, Cinayət Məcəlləsinin 44-cü (Cərimə) maddəsinə dəyişiklik təklif edilib. Dəyişikliyə əsasən, “Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur” cümləsində “on min manat” sözü “iyirmi min manat” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu LEGİON-a bildirib ki, bu gün qəbul olunan bəzi qanunlar bütün cəmiyyəti təəccübləndirir: “ Bəlkə bu cərimələri büdcəni doldurmaq üçün edirlər. Amma büdcəni doldurmaq üçün sadə adamları deyil, xeyli sayda villası olanları, xarici banklarda pulu olanları cərimələmək lazımdır”.

İqtisadçı Sabit Bağırov isə bildirib ki, cərimələri artırmaqla büdcə problemini həll etmək olmaz: “ Yəqin məqsəd cinayətlərin qarşısını almaqdır”.

İqtisadçı Azər Mehdiyev isə məsələ ilə bağlı LEGİON-a bildirib ki, cərimələrdən gələn pulun 50 faizi Vergilər Nazirliyinin qurumlarına verilir: “ Qalan qurumlara 25 faiz çatır. Deməli cərimələr artdıqca, büdcədənkənar fonda daxil olan pul artır. Əgər Vergilər Nazirliyinin saytına daxil olsanız büdcədənkənar fondla bağlı informasiya ilə tanış ola bilərsiniz. Onda görərsiniz ki, keçən il büdcədən kənar fondda yığılan pul büdcədən nazirliyə ayrılan puldan çoxdur. Görəsən bu fondda yığılan pul hara xərclənir?”

Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR