“Vicdan haqqı”nın itən vicdanı və haqqı

Hər kadrı çəkəndə bu kadr ilə Oskar alacağına iddian yoxdursa, çəkmə!

Bu gün Azərbaycanda heç bir sahə özünün inqilab dövrünü yaşamır. Nə musiqidə, nə ədəbiyyatdə, nə filmdə, nə turizmdə, nə elmdə, nə də idman sahəsində ciddi bir uğurumuz var. Ömür boyu bütün bunlarda və daha artığında Avropaya, Amerikaya möhtac olduq, həsəd apardıq. Hər dəfəsində əxlaqsız, kafir adlandırdığınız, düşmən elan etdiyiniz Avropanı və Amerikanı deyirəm. Təkcə yer kürəsinin deyil, bütün kainatın işığı olan, kainatı planet-planet ixtira edən, bütün mədəni və elmi sahələrdə dünyaya meydan oxuyan o iki nəhəng qitəni deyirəm.

Hamının təhqir olunduğu film Sözümün canı nə Avropadır, nə də Amerika. Əmin olun ki, bu cəmiyyətdən hər hansı bir elmi-mədəni inqilab gözləmək də əbəsdir. Məsələ burasıdır ki, bir müddət əvvələ qədər bu adamların boş vaxtlarında tum çırtlaya-çırtlaya baxmaları üçün adicə serialımız da yox idi. Filmlərdən çox danışdıq. O filmlər tarixə qalsa-qalsa, elə qələm adamlarının köşə yazılarında tənqid obyektləri kimi qalacaq. Barı buna sevinələr. Sevinələr ki, tənqidinə barmaq silkələdikləri bu qələm adamları onların yararsız məhsulları haqqında gələcəyə məlumat ötürür. Bundan sonra film mövzusunu təkrarlamaq istəmirəm. Əlbəttə, tarixdə qalmasına əmin olacağım hər hansı bir filmi görənə qədər. Bir müddət əvvəl isə mədəniyyət gündəminə bomba kimi düşən “Vicdan haqqı” serialı ölkənin serial sektorunun sancı çəkən vəziyyətinə ağrıkəsici kimi gəldi. Doğrusu, bu serial da hansısa uğurlu xarici serialla müqayisə olunacaq qədər güclü deyildi.

Bunu kim bilmir ki? Hamımız bilirik. Bilirik ki, məsələn, Türkiyənin absurd səhnələrlə, bəsit romantikalarla, düşük klişelərlə dolu serialları belə, “Vicdan haqqı”nın yanında sənət əsəridir. Bilirik ki, mistik nağıllara bənzəyən kadrlarla, “Min bir gecə”də təsvir olunan erotik simalı qəhrəmanlarla və pafoslu, süni qəhrəmanlıq mətnləri ilə dolu olan “İçərdə” serialının ssenarisi bizim “Vicdan haqqı”nın ssenarisi yanında Nobel mükafatına layiqdir. Lakin prosesə Azərbaycan sərhədləri daxilində baxdığımızda, “Vicdan haqqı” serial sektorunun parlaması üçün müəyyən mənada qığılcım hesab oluna bilərdi. Ta ki, bir tərəfdən ruslara, bir tərəfdən də türklərə oxşamaq cəhdləri sinirlərimizi qıcıqlandırana qədər. Ta ki, olsa-olsa, beş-altı evdar qadının göz yaşı axıda biləcəyi bəsit ailə-məişət problemini bizə ictimai əhəmiyyətli hadisə kimi sırımağa çalışana qədər. Ta ki, yeməyə çörəyi güclə tapan bu məzlum kütləni efirdə malikanələrlə, bahalı maşınlarla, qlamur geyimlərlə ört-basdır edənə qədər. Və ta ki, serialın sevilməsində, baxılmasında bütün yükün əlli faizdən çoxunu öz üzərinə götürmüş Dilarə obrazını bir Anna Karenina taleyi ilə əbədi müəmmaya göndərmək cəhdlərinə qədər.

Bəli, bütün bunlara qədər “Vicdan haqqı” serialı bugünkü seriallar arasında müəyyən mənada baxılası idi. Bütün bunlara qədər “Vicdan haqqı” serialını heç olmasa, ən geridə qalmış ölkələrə münasib qiymətə satmaq olardı. Bütün bunlardan sonra isə “Vicdan haqqı” serialı vicdanını da itirdi, haqqını da. Serialın itən vicdanı Dilarə obrazı oldu. Dilarənin məlum olmayan səbəblərə görə qəfil yox olması adi ailə-məişət dramının qəhrəmanına verilə biləcək ən absurd, ən saxta, ən şişirtmə aqibət ola bilərdi. Çünki bizim cəmiyyətdə üzərinə rus arvadları gələn qadınlar öz kişilərini bu şıltaqlıqları ilə birlikdə qəbul edir, öz həyalarına qısılırlar. Bəli, onlar ərlərini başqa qadınla bölüşüb alçalmağı daha üstün tuturlar, nəinki boşanıb azad olmağı.

Müasir Azərbaycan filminin hoqqaları Lakin belə bir mühitdən Dilarə kimi əzmli, mübarizə aparan, ərini ailə başçısı kimi yox, sevgili kimi sevən, yar kimi sevən bir qadın yetişmişdisə, onu şəxsi münasibətlərə, fərdi prinsiplərə qurban verməyin adı nə idi? Elə bununla da “Vicdan haqqı” özünün inqilabın təməl daşlarını atmaq cəhdlərini yerlə bir etdi. Hər nə qədər əttökən olsa da, bu gün Türkiyə telekanallarında yayımlanan vətənşüvən, saxta tarixi qəhrəmanlıq iddiaları ilə dolu saysız-hesabsız seriallar var. Onlardan bir-iki seriyanı izləyib bizim tarix üçün də o cür yalanlardan qurmaq mümkündür.

Heç olmasa vətən eşqi ilə doya bilən bu gözütox zümrənin qəlbində qəhrəman kürsüsü salmaq olar. Yoxsa onun tək-tük qəhrəmanlarını da Dilarənin timsalında əbədi ümidsizliyə düçar etməyin heç kəsə bir faydası yoxdur. Ən böyük problem bilirsiniz nədir? Serial çəkənlər öz işinə “serialdır da, gündəlik ləvazimatdır” prinsipi ilə yanaşırlar. Bu yanaşma tərzi isə ilk növbədə yaradıcılığa, ikinci növbədə isə kütləyə qarşı hörmətsizlik və ədəbsizlikdir. Hər misranı yazanda bu misra ilə Nobel alacağına iddia etmirsənsə, yazma! Hər kadrı çəkəndə bu kadr ilə Oskar alacağına iddian yoxdursa, çəkmə! Yoxsa ən yaxşı halda sənin də aqibətin “Vicdan haqqı” kimi olar…

sputnik.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR