Vidadi Əzizov kimdir: Zərərçəkən, toxunulmaz şəxs, xarici agent, gübrə alverçisi, müxalifətçi, yoxsa dələduz…?

Əks Kəşfiyyatın keçmiş şöbə rəisi qapalı məhkəmə iclasında Vidadi Əzizov barəsində hansı sirrləri açacaq..?

6 dekabr 2016-cı il tarixdə Qafqaz Xəbər Agentliyi (Кavkaznews.az) Rusiya Federasiyanın vətəndaşı İradə Kərimovanın müraciətini dərc edib. Qısa xatırlatma üçün bildirək ki, İradə Kərimova öz müraciətində qeyd edir ki, o və dostları Xəzər Qurbanov, Telman Kazımov və Vüqar Saramanov Azərbaycan vətəndaşları Vidadi Əzizov və Araz Hacıyev tərəfindən aldadılıblar: “ Onlar bizə təklif etdilər ki, Venesuela, Makedoniya, İran və Türkiyədən məhsullar gətirək. Bunun üçün hər birimiz müəyyən miqdarda pul qoymalı və qoyduğumuz məbləğə müvafiq adıçəkilən ölkələrdən məhsullar almalı idik. Mən və dostlarım Vidadi Əzizov və Araz Hacıyevə inandıq. Və mən onlara 60 min dollar pul verdim. Telman Kazımov isə Vidadi Əzizova 100 min dollar verdi. Vüqar Saramanov Əzizov və Hacıyevə 530 min dollar verdi. Xəzər Qurbanov isə Əzizov və Hacıyevə 300 min dollar verdi. Vidadi Əzizov və Araz Hacıyev məni və dostlarımı aldatdılar. Biz İran, Venesuela, Makedoniya və Türkiyədən heç bir məhsul və mal almadıq”.

Zərərçəkənlərdən Telman Kazımov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə müraciət edib. O, İradə Kərimovanın dediklərini təsdiq edərək Kavkaznews.az-a bildirib ki: “ Mən həqiqətən də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişəm. Ancaq mənim şikayətimi nəyə görəsə mülki iş kimi qeyd etdilər. Mən öz şikayətimdən imtina etmirəm. Bir daha təkrar edirəm ki, mən şəxsən özüm Vidadi Əzizova 100 min dollar pul vermişəm”.

İradə Kərimova da bildirir ki, 2016-cı il noyabr ayında Bakıya gələrkən, o Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Vidadi Əzizov və Araz Hacıyevin onun pulunu mənimsəməsi barədə şikayət edib: “ İdarədə mənə bildirdilər ki, dələduzluq əməli Moskva şəhərində baş verdiyi üçün həmin şəhərin hüquq-mühafizə orqanlarına şikayət edə bilərsiniz”.

Maraqlıdır ki, hər iki zərərçəkən Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmi olaraq müraciət edir. Amma hər iki halda hüquq-mühafizə orqanları Vidadi Əzizovu nəinki cinayət məsuliyyətinə cəlb etməkdə, hətta problemi araşdırmaqda ƏN AZI MARAQLI görünmürər. Niyə? Səbəb nədir? Bəlkə Vidadi Əzizov toxunulmaz şəxsdir..? Bəlkə ortada qaranlıq məsələlər var..? Qaranlıq dedik…Bəli bir neçə gün əvvəl Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesində Vidadi Əzizovun adı yenidən gündəmə gəldi. Həm də necə gəldi..? “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Vidadi Əzizovun qaldırdığı mülki iddia icraata götürülüb. Zərərçəkən Vidadi Əzizov..?? Görəsən Vidadi Əzizov necə zərərçəkən oldu..? Məsələyə keçməzdən öncə qeyd edək ki, bizim kiməsə vəkillik etmək, kiminsə dediklərini Quran ayəsi kimi qəbul etmək fikrimiz və məqsədimiz yoxdur.

Məqsədimiz həqiqətin ortaya çıxmasıdır. Məhkəmədə Əks Kəşfiyyatın keçmiş şöbə rəisi qeyd edib ki, V.Əzizov özü əvvəlcə ittiham edilərək saxlanılıb, sonra sərbəst buraxılıb. Görəsən Vidadi Əzizovu hansı cinayətinə görə saxlayıblar? Və necə olub ki, onu təcili olaraq sərbəst buraxıblar..? Doğrudanmı, Vidadi Əzizov bu dərəcədə toxunulmazdır..? Onu kimlər qoruyur..? Məhkəmədə M.Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatət verərək V.Əzizov barəsindəki istintaq materiallarının məhkəməyə təqdim edilməsini istəyib: “Vidadi Əzizovun telefonunun dinlənilməsi barədə təqdimatı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Səbail rayon məhkəməsi təmin edib. Vidadi Əzizovun xarici kəşfiyyatla əlaqələri yoxlanılıb, 300 səhifədən çox material toplanılıb”.

Həə, deyəsən xoruzun quyruğu görünür. Xarici kəşfiyyatla əlaqə…300 səhifəlik material… Məhkəmədə bəlli olub ki, 300 səhifəlik material məxfi olduğu üçün məhkəmədə araşdırıla bilməz. Lənət şeytana!! Vidadi Əzizov Xəzər TV-dəki çıxışında qeyd edir ki, gübrə alveri ilə məşğul olub. Gübrə alveri ilə məşğul olan şəxsin telefon danışıqları niyə məxfi hesab olunur..?

Bəlkə dövlət sirridir..? Əks Kəşfiyyatın keçmiş şöbə rəisi məhkəmədə ifadə verərək deyib ki, 2012-ci ilin fevralında Vidadi adlı şəxsin xarici ölkə vətəndaşları ilə danışaraq casusluq etməsi barədə məlumat daxil olub: “O, həmin şəxslərlə hərbi texnika və digər məsələlər haqda danışırdı. Həmin il də ölkəmizdə böyük beynəlxalq tədbir keçiriləcəkdi. Bu tədbirin pozulması üçün maraqlı ölkələr var idi. Biz də əks tədbir görülməsi üçün əməliyyat keçirdik. Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri olmuşdu. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və Bakıətrafı rayonlarda da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı. Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi”.

Bəli, həmin dövrdə Moskvada “Milyarderlər İttifaqı” deyilən və hakimiyyətə müxalifət olan bir dəstə fəallaşmışdı. Və müvafiq orqanlar Vidadi Əzizovun onlarla əlaqəsini mütləq araşdırmalıdır. Digər tərəfdən söhbət hansı hərbi texnikadan, xarici ölkəyə casusluq etməkdən gedir..? Bunlar niyə açılmır..? Maraqlıdır ki, bu boyda əməliyyatdan 1 saat sonra Vidadi Əzizov sərbəst buraxılır. Biz dövlətçilik maraqlarını nəzərə alaraq Vidadi Əzizov kimi gübrə alverçisinə görə bəzi məsələlərin müzakirəsini açmaq istəmirik. Ancaq Əks Kəşfiyyatın keçmiş şöbə rəisi məhkəmədə bildirib ki, bəzi məsələləri mən məhkəmənin QAPALI iclasında danışacam. Görəsən gübrə alverinin hansı sirrləri var..? Biz isə Vidadi Əzizov mövzusunu hələki QAPAMAQ fikrində deyilik. Ən azı hüququ pozulan vətəndaşlarımıza və dövlətçiliyimizə görə.

Murad İbrahimli

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

Cavabdeh məhkəmənin qərarından bixəbərdi-FOTO

“İnterpol”un axtardığı azərbaycanlı biznesmen İstanbulda gizlənir? – ARAŞDIRMA (FOTO,VİDEO)

Qafqaz Xəbər Agentliyindən 200 min manat tələb edən sahibkar nəyi nəzərdən qaçırıb?

Hüquqşünas jurnalistə nəyi yazıb-yazmayacağı haqda göstəriş verib?
Vəkillər : “Qafqaz Xəbər Agentliyinə qarşı iddia təmin olunmayacaq”

“Xətai məhkəməsi Qafqaz Xəbər Agentliyinə qarşı iddianı icra etməməlidir”

DİN ancaq ölkə ərazisində baş verən cinayətləri araşdıra bilər? (FOTO)

İş adamları pullarını tələb edirlər

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR