“Yasamalın icra başçısı mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır”

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı xanım jurnalistin verdiyi suala nəinki cavab verməyib, hətta onun peşə fəaliyyətinə mane olaraq jurnalisti itələyb. Hadisədən sonra icra başçısı baş verən insidentlə bağlı “ölkə.az”a açıqlama verərək jurnalisti vurmadığını və yayılan xəbərlərin həqiqətə uyğun olmadğını bildirib. Ancaq videodan aydın görünür ki, icra başçısı Mehdiyev əli ilə jurnalisti itələyir. Xatırlatma üçün bildirək ki, “İnsident tarixi abidə olan “Hacı Cavad” məscidinin sökülməsinə qarşı etiraz aksiyası zamanı baş verib”. (Minval).

Jurnalisti vuran icra başçısı cinayət məsuliyyətinə cəlb olunmalıdırmı? Sualımıza Mətbuat Şurası İH-nin üzvü Azər Həsrətin cavabı belə oldu: “Əgər baş verən olay hərtərəfli araşdırılsa, ortaya başqa məsələlər çıxa bilər”. Müxbirimiz “Məsələn, hansı məsələ..?” soruşanda Azər Həsrət cavab verib ki, əgər kimsə jurnalistin sualına cavab verməkdən imtina edirsə, qarşı tərəfə təzyiq etmək olmaz. Müxbirimiz “Buna görə jurnalisti vurmaq olar?” soruşanda Azər Həsrətin cavabı belə olub: “ Əlbəttə buna görə adamı vurmaq olmaz. Məncə, bu vəziyyətdə icra başçısı İbrahim Mehdiyev jurnalistə qarşı səbrli davranmalı idi. Amma jurnalist də icra başçısının suala cavab verməkdən imtina etdiyini nəzərə alıb onun dalınca düşməməli idi”.

“Jurnalist baş verənlərə görə icra başçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edə bilərmi?” sualımıza MŞ İH-nin üzvnün cavabı belə oldu: “ İstənilən şəxs kimisə vurmağa görə məsuliyyət daşıyır”. İnsidentlə bağlı MŞ-nın üzvü Müşfiq Ələsgərli də LEGİON-un suallarını cavablandırdı:” İnformasiya azadlığı haqqında”, “KİV haqqında” qanunlar var.

O cümlədən jurnalistin informasiya almaq qaydaları mövcuddur. Orda jurnalistin informasiya almaq qaydaları tam dəqiqliklə göstərilib. Jurnalistlər informasiya almaq üçün mütləq müvafiq qurumlara müraciət etməlidir. Bunun üçün icra hakimiyyətlərində mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi var”.

Müxbirimizin “Qaydanı pozan jurnalisti vurmaq olar” sualına Ələsgərlinin cavabı belə oldu:” Məlumat almaq üçün jurnalist müvafiq orqanlara müraciət etməlidir. İş başında olan şəxsi müsahibə verməyə məcbur etmək olmaz. Yayılan rolikdən görünür ki, icra başçısı müsahibə vermək istəmir, jurnalist isə onu məcbur edir, ondan əl çəkmək istəmir. Bu yolverilməzdir. Jurnalist peşəkar olmalı və informasiya almağın qaydalarını bilməlidir”. Müxbirimiz yenidən cənab Ələsgərlidən soruşub ki, sizcə peşəkar olmayan jurnalisti vurmaq olar..? Ələsgərli isə cavab verib ki, özünü jurnalist hesab edən şəxs mütləq jurnalistikanın qaydalarını bilməlidir. Müxbirimizin “ Bəs özünü jurnalist hesab edən, amma jurnalistikanın qaydalarını bilməyən şəxsi vurmaq olarmı” sualına Ələsgərlinin cavabı belə olub: “ Bunu deyə bilmərəm. Baxmaq lazımdır ki, bu halda qanunda hansı məsuliyyət nəzərdə tutulub”.

Məsələ ilə bağlı MŞ İH-nin üzvü Yadigar Məmmədli də öz fikirlərini LEGİON-a açıqladı: “ Hər kəs vəzifəsindən asılı olmayaraq öz hərəkətinə görə məsuliyyət daşıyır. Hazırkı halda söhbət cinayət və inzibati məsuliyyətdən gedə bilər”.

“Turan” İnformasiya agentliyinin direktoru Mehman Əliyevin fikirləri isə daha konkret oldu: ” Jurnalisti vuran Yasamalın icra başçısı mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. MŞ döyülən jurnalistin hüquqlarını qorumağı bacarmayacaq”.

Konstitusiya Fondunun sədri Əliməmməd Nuriyev isə bildirdi ki, cinayət işi açmaq, yaxud açmamaqla bağlı hüquq-mühafizə orqanları məşğul olmalıdır: “ Mən bu barədə heç nə deyə bilmərəm. Hüquq mühafizə orqanları araşdırmalıdır ki, icra başçısı jurnalisti vurub, yoxsa vurmayıb”.

İnsidentlə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifolu isə LEGİON-a bildirib ki, əgər jurnalist hesab edirsə ki, təhqir olunub, döyülüb, onda məhkəməyə müraciət etsin: “ Biz ona kömək edərik. Əgər o özünü müdafiə etmək istəmirsə, kim ona kömək edər. Əlbəttə mən jurnalistin, özü də xanım jurnalistin döyülməsin çox pis baxıram”. Yeni Azərbaycan Partiyasından Milli Məclisin üzvü Məlahət Həsənova isə LEGİON-a bildirdi ki, mən videorolikə baxmamışam: “ Amma istənilən halda insana qarşı, o hətta səhv etmiş, lap haqsız olsa belə, zorakılığın əlehinəyəm”.

Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR