“Yer yoxdur, yolumuz daralır, maşınlar da bir tərəfdən” – Sakinləri canından bezdirən ÖZBAŞINALIQ – VİDEO

ARB TV-nin “Günə doğru” verilişində bina həyətlərini qanunsuz zəbt edənlər haqda reportaj yayımlanıb.

Bir-birinə yaxın ərazidə 4-5 bina yerləşsə də, istirahət etmək üçün boş yer yoxdur. Bəzi sakinlər binaların həyətlərini zəbt edərək kimisi obyekt tikdirib bisneslə, kimisi də təsərrüfatla məşğul olur. Bu da orada yaşayan sakinlərin haqlı narazılığına səbəb olur.

Bu mənzərəyə ölkədəki əksər köhnə binalarda rast gəlmək mümkündür. Zaman keçdikcə isə bu proses daha da geniş vüsət alır. Sakinlərin gəzib istirahət etməsi bir yana, binaların arasından keçən cığırlar belə günü-gündən daralır.

Əslində binalar istifadəyə verilərkən sakinlərin normal yaşayışı üçün hər şey nəzərdə tutulub. Ancaq sonradan başlanılan özbaşına zəbtlər problemin daha da dərinləşməsinə səbəb olub.

Sakin: “Yolumuz daralır. Yer yoxdur. Maşınlar da bir tərəfdən”.

Binaların qarşısının belə zəbt olunmasından isə ən çox korluq çəkən uşaqlar olur. Oyun meydançalarının yerində qaraj, mağaza yaxud çayxana kimi obyektlərin tikilməsi bu azyaşlıların əyləncəsini ürəyində qoyur. Boş qalan yerlərdə isə avtomobillər saxlanılır. Belə olduğu təqdirdə də binada yaşayan uşaqlar vaxtlarını səmərəli keçirmək üçün ya başqa məkana üz tuturlar, ya da necə deyərlər, əllərində olanla kifayətlənməli olurlar.

Sakin: “Əvvəllər var idi. Müxətlif idman qurğuları var idi. Sonradan dağılıb getdi. İndi toyuq hinləri və s var. Uşaqlarımız üçün oyun meydançası yoxdur”.

Əslində isə zəbt olunmuş ərazilərin əvəzinə uşaqların oynaması üçün vasitələr habelə sakinlərin istirahəti üçün şərait olmalıdır. Eyni zamanda avtomobillərin saxlanılması üçün avtodayanacaq da. Ancaq aidiyyatı qurumların bu cür hallara qarşı biganə qalması sonda xoşagəlməz hallara gətirib çıxarır.

Hər halda mülkiyyət hüququ olmadan istifadə qeyri-qanuni sayılır. Bəs bunu edənlərə qarşı qanunvericilikdə hansı cəzalar tətbiq olunur?

İntiqam Əşirov (Bələdiyyə sədrinin müaivini): “İctimai binaların həyətində özbaşına hasarlama mənzil haqqında qanunvericiliyə uyğun olaraq birgə yaşayış qaydalarını kobud şəkildə pozulmasıdır. Tam qanunsuzdur. Qanunvericilikdə bu qadağandır. 8 mindən 10 min manatadək cərimədir”.

Belə ərazilərin çox olması onların yaxın müddətdə həllini də mümkünsüz edir. Ancaq aidiyyatı qurumlar tərəfindən vaxtaşırı reydlərin keçirilməsi və qanunsuz zəbtlərin qarşısının vaxtında alınması bu cür halların aradan qaldırılmasına imkan yaradar. Görünür bu da aidiyyatı orqanlar tərəfindən kifayət qədər edilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR