“Yust” şirkətinin baş direktoru ilə müsahibə

“”Yust” hüquq şirkəti, vətəndaşlara “online” xidmət göstərəcək”

Saytımızın bugünkü qonağı istefada olan keçmiş mayor Aqil Qəhrəmanovdur. O, 20 ildən artıq polis orqanlarında çalışıb. Xidməti dövründə uğurlar qazanıb və mayor rütbəsinədək yüksəlib. Xidməti karyerasının yüksələn dövründə Aqil Qəhrəmanov gözlənilmədən 2016-cı ilin mayında ərizə yazaraq təqaüdə çıxıb. Adətən, təqaüdə çıxan polis əməkdaşları müxtəlif mühafizə şirkətlərində işə düzəlirlər. Aqil Qəhrəmanov bu ənənəni pozaraq ekspert kimi fəaliyyətini davam etdirib. Heç kimin gözləmədiyi halda bu sferada uğur qazanan Aqil Qəhrəmanovun açıqlamalarını nüfuzlu Azərbaycan KİV-ləri həvəslə dərc ediblər.

Az vaxtda Qəhrəmanov özünü nüfuzlu ekspert kimi tanıda bilib. 17 aprel 2017-ci ildə Aqil Qəhrəmanovun tərcümeyi-halında yeni dönüş baş verib. O, “Yust” hüquq şirkətinə baş direktor təyin olunub. Bu dönüş Qəhrəmanovla əməkdaşlıq edən jurnalistləri təəccübləndirib. Biz Qəhrəmanovun yeni fəaliyyət sferasına gəlişi ilə maraqandıq.

-Aqil müəllim, siz uzun müddət uğurla polis orqanlarında çalışmısınız. 2016-cı ilin mayında istefaya çıxaraq, cəmiyyətimizdə çox az rast gəlinən müstəqil ekspert kimi fəaliyyətə başlamısınız. Bu qeyri-adi seçimin səbəbi nə idi..?

– Həqiqətən də mən 20 ildən artıq Daxili İşlər Nazirliyi sistemində çalışmışam. Bu müddətdə üzərimə düşən vəzifə borcunu məsuliyyətlə yerinə yetirərək polis zabiti şərəfini qorumağa çalışmışam. Dəfələrlə DİN rəhbərliyinin mükafatlarına layiq görülmüşəm. Polis orqanlarında çalışmaq mənim üçün böyük məktəb olub. Mən bu sahədə öz işinin mahir biliciləri ilə birgə çalışmışam.

Bu sistemdə çalışarkən hər bir hüquqşünas üçün çox vacib olan biliklər və bacarıqlar qazanmışam. Mən polis orqanlarında çalışarkən KİV-də məmurlar tərəfindən hüququ pozulan vətəndaşlarla bağlı yazılara rast gəlirdim. Və sonda qərara gəldim ki, istefa verim və məmurlar tərəfindən hüquqları pozulan vətəndaşlarımıza hüquqi yardım edim. Mən xeyli müddət hüquqları pozulan vətəndaşların mətbuat konfranslarında çıxışlar etdim, vətəndaşlarımıza KİV səhifələrində hüquqi məsləhətlər verdim.

Mənim bu çıxışlarım “Yust” hüquq şirkətinin rəhbərliynin diqqətini cəlb etdi və mənə şirkətə rəhbərlik etmək təklif olundu. Mən isə məmuniyyətlə razılıq verdim.

– Bu gün ölkədə xeyli sayda hüquq şirkətləri fəaliyyət göstərir. “Yust”un fəaliyyəti digər hüquq şirkətlərindən nə ilə fərqlənəcək..?

– Hüquq şirkətlərinin əksəriyyəti Bakı şəhərində yerləşir. Ona görə də Bakı sakinləri hüquqi yardım sarıdan korluq çəkmirlər. Ancaq bu şirkətlərin fəaliyyəti paytaxtımızdan kənara çıxmır. Ona görə də bölgələrimizin sakinləri lazımi səviyyədə hüquqi yardım ala bilmirlər. Bir çox rayonlarda cəmi bir-iki vəkil var və onlar hüquqi yardımı inhisara alıblar. Biz hazırlaşırıq ki, bu inhisara son qoyulsun və əyalət sakinləri də yüksək səviyyədə hüquqi yardım ala bilsin.

– Sizdən fərqli olaraq həmin vəkillər rayonlarda, əyalətdə yaşayır və sakinlərlə birbaşa təmasda olurlar, yəni sizdən çox imkanlara sahibdirlər…

– Biz informasiya texnolgiyaları əsrində yaşayırıq və keyfiyyətli hüquqi yardım almaq üçün heç evindən çıxmağa ehtiyac da yoxdur. Rayon sakinləri hüquqi yardım almaq üçün İnternet vasitəsilə bizim hüquqşünaslarla əlaqə saxlaya biləcəklər. Digər hüquq şirkətlərindən bir fərqimiz də odur ki, “Yust”un hüquqi yardım təkliflərinin spektri çox genş olacaq. Biz öz müştərilərimizə bizim detektivlərdən istifadə imkanı da yaradacağıq. «YUST» eyni zamanda ayrı-ayrı vətəndaşların və şirkətlərin təhlükəsizlik məsələsini də təmin edə bilər. Onu da qeyd edim ki, mən müstəqil ekspert kimi fəaliyyətim dövründə nüfuzlu KİV-lərlə əməkdaşlıq etmişəm.

Bundan sonra da baş direktor kimi KİV-lə yaxından əməkdaşlıq edəcəm. Ancaq uzağı görməyən adamlar KİV-in cəmiyyətimizdəki rolunu anlamaya bilər. Məhz KİV-lərin sayəsində vətəndaşlar cəmiyyətdə gedən proseslərdən, eyni zamanda hüquqi sferada baş verən dəyişikliklərdən vaxtında xəbər tutur. Heç kimə sirr deyil ki, bu gün əsasən KİV-lər qanun və hüquq pozuntularını ortaya çıxarır və ifşa edirlər. Bu isə vətəndaşların hüququnu pozan məmurların xoşuna gəlmir və müxtəlif yollarla müstəqil jurnalistləri, azad medianı susdurmağa çalışırlar. Biz bu jurnalistlərə təmənnasız hüquqi yardım göstərməyə hazırıq.

– Bəlkə polisdə çalışdığınız dövrdə rastlaşdığınız maraqlı bir əhvalatı danışasınız..

– Bu hadisə çoxdan olub. Bir il olardı ki, polisə işə düzəlmişdim və Abşeron rayonunda ictimai təhlükəsizlik şöbəsində böyük inspektor kimi çalışırdım. Ərazini gəzən zaman içərilərində təəssüf ki, polis işçisinin də olduğu dizel yanacağı oğurlayan dəstə ilə rastlaşdım. Bütün cinayətkar dəstə saxlanıldı və cəzalarını aldılar. Mən onları tərksilah etmək üçün silah tətbiq etməli oldum…

Çingiz Rüstəmoğlu

LEGİON

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR