Zakir Fərəcov Vaqif Əliyevi Sumqayıtdakı gəlirindən məhrum edir

Sumqayıt şəhərinin sabiq icra hakimiyyəti başçısı Vaqif  Əliyevlə hazırkı başçı Zakir Fərəcovla mövqe savaşı başa çatmaq üzrədir.

Yayıminfo.com-a daxil olan məlumata görə, Vaqif  Əliyev Sumqayıta rəhbərlik etdiyi dövrdə şəhərə  ayrılan milyonların hesabına 50 ədəd böyük tutumlu DAEVOO avtobusları alaraq şəhərdaxili 6 və 7a marşrutlarını özününküləşdirmişdi. Bununla kifayətlənməyən  keçmiş başçı Bakı-Sumqayıt marşrutunu da özününküləşdirmişdi. Hətta həmin marşrutlara həzarəti Naxçıvandan gətirdiyi qoçu dəstəsinə tapşırmışdı.

Mənbə qeyd edir ki, hazırda vəziyyət yavaş-yavaş dəyişir. Belə ki, məsələdən gec xəbər tutan Zakir Fərəcov Cənubi Koreya istehsalı olan iritutumlu avtobuslar gətizdirərək, sabiq başçının avtobuslarını marşrutdan demək olar çıxara bilib.

Məlumata görə, AKİA markalı həmin avtobuslarda sürücü işləmək istəyən hər kəs bər başdan 2000-2500 manat haqq verməli olur.

Hazırda Vaqif  Əliyevin 2-3 avtobusu qalıb, onların da yaxın günlərdə marşrutdan çıxarılacağı gözlənilir.

Mənbə xatırladır ki, Vaqif  Əliyevdən əvvəlki icra başçısı Təvəkkül Məmmədov haqqında mərhum prezident Heydər Əliyevə o vaxt Sumqayıtda belə demək mümkünsə, bəzi at oynadanlar “donos” ötürmüşdülər. Yadınızdadırsa, Heydər Əliyev 2003-cü ilin aprel ayında Sumqayıtda keçirdiyi müşavirədə Təvəkkül Məmmədovu o ki var danladıqdan sonra yerinə Vaqif  Əliyevi təyin etmişdi. Sumqayıtla bağlılığı olmayan Vaqif  Əliyev isə şəhərə rəhbərlik etdiyi müddətdə əlini sumqayıtlıların cibinə necə salmışdısa, hələ də o ciblər hesabına qazanc əldə edə bilirdi. Zakir Fərəcov indi Vaqif  Əliyevin əlini Sumqayıtdakı ciblərdən çıxarmaq üzrədir…

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR