“22 toyu qoyub Amerikaya getmərəm” – “Greencard” udan Elariz – VİDEO

“ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Müğənni söhbətə okeanın o tayına edəcəyi səfərdən söz açaraq başlayıb:

“Mən onsuz da tez-tez Azərbaycanı tərk edirəm, sonra yenə qayıdıram. Rusiya və Türkiyənin şəhərlərində toylarda oluram. Avropanın bəzi ölkələrində, şəhərlərində toylarda olmuşam. Bu dəfə səfərim Amerikayadır. Bunun da birinci səbəbi odur ki, “Greencard” vasitəsilə mən Amerikada yaşamaq və işləmək hüququ qazanmışam. Yəni Amerikaya məni dəvət edən insanlar viza dərdi çəkməyəcəklər”.

Əslində “Greencard” Elarizin həyat yoldaşı qazansa da, müğənni fürsət bu fürsətdir deyib, Amerikaya istədiyi vaxt gedib yaşaya və geri qayıda bilər:

“Əslində “Greencard” üçün mən müraciət etməmişəm. Bu sadəcə olaraq bir lotereya oyunudur. Mənim həyat yoldaşım müraciət etmişdi. 5-6 il əvvəl bu lotereya oynanılmışdı. Biz o vaxt qazanmadıq. Hər il oyun təzələnirdi. Bizim sənədlərimiz təzələnirdi. Bu işlə həyat yoldaşım məşğul olurdu, mən unutmuşdum”.

Elariz, başa düşdük ki, Amerikaya gedib orda yaşaya bilərsən. Bəs, bu haqda qərarını vermisənmi?

“İyul ayında mənim 22 toyum var. 22 nəfərə söz vermişəm. 22 toyu qoyub necə Amerikaya gedim? Azərbaycanın, Bakının toylarını mən atıb gedə bilmərəm”.

Sizin bu fürsəti qazandığınızı eşidib bilib sevinənlər də oldu, qarın ağrısına düşənlər də:

“Mən Elariz Məmmədoğlu olaraq, kimə nə etmişəm ki? Heç kimə heç bir pisliyim keçməyib. Heç kimin bostanına daş atmamışam. Son vaxtlar mənim lotereyanı udmağıma sevinməyənlər çox oldu. Mən heç bir pis iş görməmişəm. Sadəcə loterayada udmuşam”.

Heç kimə ziyanı dəyməyən müğənni insanların əksəriyyətinin onun “Greencard” əldə etməsinə sevinmədiyini söyləyib təəssüfləndi:

“Mən yazılara baxdım və gördüm ki, paxıllıqdan yazırlar. Ürəyiaçıq insanlar da var idi onların arasında. Bu adamlar sevindiklərindən yazırdılar. Bir şeyə təəssüfləndim ki, niyə görə paxıllıq edən insanlar bu qədər çoxdur? Axı mənim heç kimlə problemim olmayıb. İnsanlarla münasibətim yaxşı olub. Hər şeyə rəğmən mən Azərbaycanı tərk edirəm….Yox, yox sevinməyin. Tərk etmirəm. Burdayam, vətəndəyəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR