Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO

4 uşaqlı qadını evdən bayıra atan, əmlakını mənimsəyən vəhhabini ( Araz Dadaşovu ) hüquq-mühafizə orqanları niyə müdafiə edir?

Mayın 12-də Qafqaz Xəbər Media Mərkəzində Bakı şəhər sakini Lalə Dadaşevanın səlahiyyətli nümayəndələri onun etibarından sui-istifadə edərək adına olan əmlakın əri Araz Dadaşov tərəfindən qanunsuz olaraq mənimsənilib satılması, bu işdə notariusun qanunsuz əməlləri və huquq mühafizə orqanlarının dələduz notariusa havadarlıq etməsi ilə bağlı mətbuat konfransı keçiriblər.

Konfransı giriş sözü ilə açan Qafqaz Xəbər Media Mərkəzinin direktoru Rəşad Rüstəmov bildirdi ki, konfransın mövzusu mülkiyyət hüquqlarının pozulması, qəsb edilməsi və bu işdə hüquq-mühafizə orqanlarının iştirakçı olmasıdır: “Konkret desək Lalə Dadaşeva adına olan torpaq sahəsi və evlə bağlı ərinə etibarnamə verib və bundan sui-istifadə edən Araz Dadaşov torpağı və evi satıb”.

Sonra Lalə Dadaşevanın səlahiyyətli nümayəndəsi Əliyev İlqar Əlövsət oğlu söz alaraq bildirdi ki, hər bir ailədə ərin arvada, arvadın ərə etibarı olur: “Dadaşovlar ailəsində də bütün əmlak Lalə Dadaşevanın adına olub. Həm də Araz Dadaşov Rusiya vətəndaşı olduğu üçün “Torpaq haqqında” qanuna görə, onun adına torpaq ola bilməzdi. Mərdəkan qəsəbəsindəki 114 kv.m qeyri-yaşayış sahəsi (hazırda market kimi istifadə edilir), Tağıyev küçəsindəki 378 kv.m sahəsi olan ikimərtəbəli ev və Mərdəkandakı torpaq sahələri Lalə Dadaşevanın adına olub. Sonra Araz Dadaşov evin və ona bitişik torpaq sahələrinin satışı ilə bağlı arvadı Lalə Dadaşevadan 7 saylı notariat kontorunda baş etibarnamə alıb. Lalə Dadaşeva ərinin nə məqsəd güddüyünü bilməyib. Həm də Lalə Dadaşevanın dediyinə görə, Araz Dadaşov vəhabiliyə meyilli olub. Baş etibarnamə alandan sonra Araz Dadaşov arvadı Lalə Dadaşevanı 4 uşaqla evdən qovub. Ərinin məqsədini anlayan Lalə Dadaşeva təcili olaraq avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində ərinə verdiyi etibarnaməni ləğv etdirir. Ancaq etibarnamənin ləğv olunmasına baxmayaraq 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov avqustun 11-də ləğv olunmuş etibarnamə əsasında qanunsuz olaraq alqı-satqı həyata keçirib. Hansıki bir gün əvvəl həmin etibarnamə ləğv olunmuşdu. Satılan əmlakların ( torpaqların və 1 otaqlı mənzilin ) kimlərə və neçəyə satılması da maraqlıdır. Araz Dadaşov əmlakları öz qohumuna və vəhhabi dostuna satıb.

Digər tərəfdən Araz Dadaşov Lalə Dadaşevanın adına olan əmlakları bazar qiymətindən dəfələrlə aşağı qiymətə satıb.

Niyə, nə məqsədlə..?  Yəni bu alqı-satqı formal xarakter daşıyıb. Xəzər rayon məhkəməsi ər-arvad arasında olan mülkiyyət problemi ilə bağlı məsələni iki hissəyə ayırıb: Bağışlanma ilə bağlı və etibarnamə ilə bağlı məsələ. Və məhkəmə bağışlanma ilə bağlı mülk iddiasını bir kənara qoyur, ancaq 1 otaqlı mənzillə bağlı məsələyə baxıb.

Lalə Dadaşeva keçmiş ərinə qarşı mülkiyyət iddiası qaldıran günü Araz Dadaşov ona məxsus Toyota avtomobilini də təcili satıb. Yəni bütün bunlar əvvəlcədən planlaşdırılmış məsələdir.

Araz Dadaşovun nümayəndəsi məhkəmədə bildrib ki, guya borcu olduğu üçün Araz əmlakları satıb. Ancaq biz sənəd ortaya qoyduq ki, Araz Dadaşov 9 avqustda , yəni torpaqları satdığı gün Beynəlxalq Bankın Binəqədi filialından 60 min dollar pul çıxarıb. Deməli bu adamın guya borca görə əmlakları satması yalandır”.

Lalə Dadaşevanın digər nümayəndəsi Fəxri Hacıyev bildirdi ki, məsələ cinayət xarakterli olduğu üçün Xəzər rayon prokurorluğuna müraciət etdik: “Lalə Dadaşeva ərinin əməllərindən şübhələndiyi üçün ona verdiyi etibanaməni 10 avqustda ləğv etmişdir. Və bununla bağlı informasiya 10 avqust 2016-cı il tarixdə Elektron Məlumat Bazasında yerləşdirilib. Bun baxmayaraq 11 avqustda Lalə Dadaşevaya məxsus 1 otaqlı mənzilin alqı-satqısı notariusda həyata keçirilib. Yəni notarius Nadir Vədətov vəzifə saxtakarlığı edib. Amma qanuna görə, notarius alqı-satqıdan öncə mütləq mülkiyyətlə bağlı elektron məlumat bazasına baxmalı idi. Onda bilərdi ki, Lalə Dadaşevanın verdiyi etibarnamə qüvvəsini itirib. Ancaq bütün bunları Xəzər rayon prokurorluğunun müstəntiqi Zaur Ağakişiyev araşdırmadı, guya həmin gün sistem işləməyib: “ Əslində müstəntiq Zaur Ağakişiyev elektron məlumat bazası ilə bağlı deyilənlərin doğru olub-olmadığını yoxlamaq üçün Baş notariat idarəsinə sorğu göndərməli idi. Ancaq müstəntiq bunu etmədi və cinayət işi qaldırmamaq barədə qərar qəbul etdi. Çünki cinayət işi açılsaydı Araz Dadaşovun dələduzluq yolu ilə əmlakı satması ortaya çıxacaqdı”.

Bu məqamda LEGİON-un əməkdaşı qeyd etdi ki, biz Baş Notariat İdarəsinin rəis müavini Mehman Əliyev ilə əlaqə saxladıq, o bizə bildirdi ki, elektron sistem nasazdırsa, notariusun ixtiyarı yoxdur ki, alqı-satqı həyata keçirsin.

Vəkil onu da bildirdi ki, məhkəmənin qərarı ilə Lalə Dadaşevanın iddiası qismən təmin edildi, yəni 1 otaqlı mənzillə bağlı iddia təmin edilsə də, 4 torpaq sahəsi, qeyri-yaşayış sahəsi və 2 mərtəbəli evlə bağlı iddia təmin edilmədi: “ Ona görə də apellyasiya şikayəti versək də birinci instansiyanın qərarı qüvvədə qaldı”.

Sonra Lalə Dadaşevanın nümayəndəsi İlqar Əliyev bildirdi ki, cəzasız qalan Araz Dadaşov keçmiş arvadı Lalə Dadaşevaya qarşı şərəf və ləyaqətinin alçaldılması ilə bağlı Xəzər rayon məhkəməsində iddia qaldırıb və hakim onun iddiasını təmin edib: “ Hətta Araz Dadaşov Lalə Dadaşevadan qadına məxsus qızıl-zərgərlik əşyalarını tələb edir”.

Zərdabi Mətbuat Mərkəzinin direktor müavini Əsəd Əliyevin notarius Nadir Vədətovla bağlı sualına Lalə Dadaşevanın nümayəndəsi bildirdi ki, notarius deyir ki, mənimlə bağlı problem aradan qalxıb.

Əsəd Əliyevin uşaqların alment məsələsi ilə bağlı sualına hər iki nümayəndə cavab verdi ki, Araz Dadaşov aliment verməkdən də yayınır, kassasiya şikayəti verir və vaxtı uzatmağa çalışır.

Konfransın sonunda Lalə Dadaşevanın nümayəndələri dəstək üçün jurnalistlərə təşəkkürlərini bildirdilər.

Qafqazxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR