“AXI, SƏN KIMSƏN, YOLDAŞ DADAŞOV ?”

Hüquq-mühafizə orqanları niyə hüququ pozulan 4 uşağı və analarını deyil, məhz Rusiya Federasiyasının vətəndaşı olan vəhabini müdafiə edir?

Uzun müddətdir ki, ölkə mediası 4 uşaq anası Lalə Dadaşovanın keçmiş həyat yoldaşı, Araz Dadaşovun qanunsuz əməlləri və onu müdafiə edən prokurorluq və məhkəmə orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə müraciətini dərc edir. Qısa məlumat üçün Lalə Dadaşovanın müraciətindən kiçik bir hissəni yenidən dərc edirik: “1996-cı ildə Araz Dadaşovla nikaha daxil olduq və dörd övladımız dünyaya gəldi.

1998-ci ildə biz Tağıyev küçəsi, ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi. 2016-cı ilin avqustun 3-də Araz evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə məni razı saldı. Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu. Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində ərimə verdiyim etibarnaməni ləğv etdirdim.

Avqustun 11-də yoldaşım Araz Dadaşov evin alqı-satqısını həyata keçirib. Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən həyata keçirilib. Yəni alqı-satqı etibarnamənin mənim tərəfimdən ləğv olunmasından sonra, qanunsuz olaraq həyata keçirilib”.

Araz Dadaşov keçmiş həyat yoldaşı Lalə Dadaşova, onun qardaşı Ruslan Məmmədov və müraciəti dərc edən “QAFQAZ Xəbər Agentliyi”nə qarşı Xəzər rayon məhkəməsində “şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyana” görə iddia qaldıraraq 100 (yüz) min manat təzminat tələb etmişdir.

Biz Araz Dadaşovun 12 səhifəlik iddia ərizəsini bir kənara qoyub, yalnız bir cümləyə (7-ci səhifədə) nəzər salaq. Araz Dadaşov yazır ki, “Lalə Dadaşovanın niyyəti uşaqlarımızın gələcəyini düşünmək deyildir. O, yalnız şəxsi ambisiyalarını yürütməklə çirkin niyyətlərini həyata keçirmək üçün bu yolu seçmişdir”.

Əgər doğrudan da Lalə Dadaşovanın çirkin niyyəti var idisə, niyə heç nə düşünmədən dəyəri 100 min manatlarla ölçülən evlər, obyektlər və torpaq sahələri ilə bağlı sizə etibarnamə verirdi, cənab Araz Dadaşov..?

Özünüz düşünün. Cənab Araz Dadaşov, bizi bir media olaraq sizin ailə münasibətləriniz deyil, hüquqları pozulmuş 4 azyaşlı uşağın və onların analarının gələcək taleyi maraqlandırır. Əgər bu məsələdə sizin hüquqlarınız pozulmuş olsaydı, eyni qaydada sizin də hüquqlarınızı müdafiə edərdik. Həm də bizi sizin həqiqi kimliyiniz də maraqlandırır.

Bu cəmiyyətimiz və dövlətimiz üçün ümdə məsələdir. Yumorla desək, “Qatarda” tamaşasında rəhmətlik Yaşar Nuri demişkən: “Axı, sən kimsən, yoldaş Dadaşov?”.

Bəli, keçmiş həyat yoldaşınız Lalə Dadaşova sizinlə bağlı ölkə başçısına, hüquq mühafizə orqanlarına, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir: “Mən Azərbaycan Respublikasının vətəndaşı kimi özümə borc bilib terror təşkilatları və radikal islamçılarla əlaqəsi olan və onlara dayaq duran Araz Dadaşovun qanunsuz əməlləri barədə məlumat verərək aşağdakıları bildirirəm.

Araz Dadaşov Azərbaycanda anadan olmasına baxmayaraq 90-cı illərin ortalarında Rusiya Federasiyasinın vətəndaşlığını qəbul edərək, bir müddət orada yaşamaqla radikal islamçılara qoşulmuş, o cümlədən hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən terrorçuluğa görə ittiham olunan əslən dağıstanlı Abu Umar Sasitlinskinin həbsindən əvvəl onunla sıx əlaqədə olmuş, Abu Umarla bir yerdə Səudiyyə Ərəbistanına səfərlər etmiş, bir sözlə vəhabiçilərin hərəkatına qoşularaq radikal islamçılara dəstək olmaq üçün Azərbaycana qayıdıb, burada həmin hərəkatın fəal iştirakçısı və təşkilatçısı kimi təşviqat aparmaqla Azərbaycan Respublikasının vətəndaşlarının bu işə cəlb edilməsində, onların Suriyaya göndərilməsində, göndərilmiş şəxslərin ailələrinin pul vəsaiti ilə təmin olunmasında mühüm rolu vardır.

Terrorçulara dəstək göstərilməsi məsələləri Qala kənd məscidində, həmin məscidin axundu Xaqaninin bilavasitə məsləhəti ilə bu hərəkata başçılıq edən Araz Dadaşovun əlaltıları vəhabi Süleymanlı Çinqiz Süleyman oğlu, Dadaşov Fərman Cəlaləddin oğlu və qeyrilərinin köməyi və iştirakı ilə həyata keçirilir. Araz Dadaşov oğlanlarımın məktəbdə oxumaq yox, cihada hazır olmaqlarını bildirməklə öz təsiri altına saxlamaq üçün daimi təzyiqlər göstərirdi.

Onun bu qanunsuz fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi ona bildirəndə, Araz məni öldürməklə hədələyərək demişdir ki, hələ 2004-cü ildə azərbaycanlı iş adamı “Zyablikovo bazarı”nın sahibi Hafiz Mahmudovu Rusiyada qətlə yetirib meşədə basdırdığı kimi, məni də öldürüb izimi-tozumu itirəcəyini və bunu ona heç kimin sübut edə bilməyəcəyini səsləndirərək qeyd etmişdir ki, 2004-cü ilin mart ayında Hafiz Mahmudovu qətlə yetirəndən sonra Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ondan şübhələnsələr də, bunu ona sübut edə bilməmişlər və bu günə kimi həmin qətl bağlı qalmışdır.

Onun radikal islamçılarla əlaqələrinin olub-olmamasını müəyyən etmək üçün son 4 ildə Azərbaycan Respublikasından neçə dəfə Səudiyyə Ərəbistanına, Türkiyəyə, Qazaxstana və Rusiyaya səfərlər etməsini yoxlamaq kifayət edər. Araz Dadaşovun amansız, qəddar və təhlükəli olduğunu nəzərə alıb, onun dövlətmizə və xalqımıza böyük zərər vurmaq niyyətində olmasını və bu cinayətkar fəaliyyətinin qarşısını almaq üçün qanuna müvafiq tədbirlərin görülməsini xahiş edirəm”.

Cənab Araz Dadaşov! Bunlar çox ciddi ittihamlardır. Yəqin ki, yaxın zamanlarda Dövlət Təhlükəsizlik Xidməti bunları araşdıracaq və həqiqət ortaya çıxacaq. Bizi bir media olaraq maraqlandıran daha bir ciddi məsələ var: Hüquq-mühafizə orqanları, müstəntiqlər, prokurorlar, məhkəmə hakimləri, hətta notarius da bu məsələdə sizi niyə bu qədər canfəşanlıqla müdafiə edirlər..?

Açığı, bu məsələ bizim üçün çox vacibdir. Çünki qardaş Türkiyənin prokurorluq, məhkəmə orqanlarında kök salıb, ölkənin milli təhlükəsizliyini təhdid edən Fətullahçılar məsələsi bizə örnək olmalıdır. İcazə verin şübhələnək ki, hüquq-mühafizə orqanlarının bəzi vəzifəli şəxsləri tərəfindən sizin ciddi-cəhdlə müdafiə olunmağınızın arxasında nələrsə dayanır..?

Cənab Araz Dadaşov, ilk öncə ondan başlayaq ki, siz ləğv olunmuş-qüvvədən düşmüş etibarnamə əsasında 7 saylı notarial kontorda necə alqı-satqı etdiniz..? Bu işdə notarius Nadir Vədətov nə səbəbə canfəşanlıq edərək sizə dəstək oldu? Axı, hamı bilir ki, elektron məlumat bazasında yoxlama aparmadan alqı-satqı etmək olmaz. Vədətov deyir ki, guya həmin gün elektron sistem işləməyib.(ƏN-nin baş idarəsi bunu inkar edir). Çox yaxşı. Fərz edək ki, həmin gün sistem işləməyib. Belə olan halda notariusun alqı-satqı keçirməyə ixtiyarı yoxdur. Bəs Vədətov niyə keçirib? Bu qanunsuzluqdur, vəzifə saxtakarlığıdır. Bəs belə olan halda notariusun qanunsuz hərərkəti ilə bağlı Lalə Dadaşovanın Xəzər rayon prokurorluğuna şıkayəti niyə təmin edilməyib?

Niyə Xəzər rayon prokurorluğunun böyük müstəntiqi Zaur Ağakişiyev notarius Nadir Vədətovun qanunsuz əməlini araşdırmaq əvəzinə, guya elektron sistemin nasaz olduğunu əsas götürüb. Axı, müstəntiq məsələ ilə bağlı birbaşa rəsmi olaraq Baş idarəyə müraciət etməliyidi. Amma etməyib, eləcə notariusun özünün sözünə inanıb. Niyə..? Notarius vəzifə cinayəti edir, böyük müstəntiq isə cinayət işi açmır. Niyə..? Prokurorluğun bu hərəkətindən Lalə Dadaşova Xəzər rayon məhkəməsinə şikayət edir. Hakim Tərlan Əkbərov nə notaraiusun vəzifə cinayətinə, nə də müstəntiqin hərəkətlərini “görmür”.

Yenə sual doğur: Niyə..? Az qala bütün sistem sizi müdafiə edir, cənab Dadaşov. Bəlkə, sən “Bessmertni Kaşşey”sən..? Xəzər rayon prokuroluğu sizi müdafiə edir, Xəzər rayon məhkəməsi sizi müdafiə edir… Axı, Xəzər rayon prokuroru Fəxri Ələsgərovun bunlardan xəbəri olmaya bilməz.

Həm də nəzərə alaq ki, Fəxri Ələsgərovun qardaşı Fuad Ələsgərov Prezident Adminstrasiyasında “Hüquq-mühafizə orqanları ilə iş” şöbəsinin rəhbəridir. Yəni bu məsələlər Fuad Ələsgərovun birbaşa nəzarətindədir. Bəlkə, sizin əliniz oralara da çatır, cənab Araz Dadaşov ?

İndi isə qayıdaq Araz Dadaşovun Xəzər rayon məhkəməsinə müraciətinə. Bu dəfə də işə yenə də hakim Tərlan Əkbərov baxmalı olacaq. Niyə..? Bu hüquq tarixində görünməmiş məsələdir, hüququn fəlsəfəsinə ziddir. Axı, bu məsələ ilə bağlı bir dəfə Tərlan Əkbərov Lalə Dadaşovanın deyil, notariusun, müstəntiqin, Araz Dadaşovun maraqlarını təmin edib. Belə olan halda hakim Tərlan Əkbərov bu məsələyə necə baxa bilər ? Deməli, yenə hansısa “dəmir əl” yuxarıdan göstəriş verib ki, Araz Dadaşov müdafiə edilməli və tərəflərdən 100 min manat alınaraq radikal islamçılara kömək üçün ödənilməlidir..? Və yuxarıdan gələn bu tapşırığı hakim Tərlan Əkbərov canfəşanlıqla yerinə yetirməyə hazırdır.

Çox təəssüf ki, Tərlan Əkbərovun saytda yerləşdirilən tərcümeyi halından bəlli olur ki, bu adam heç vaxt praktik hüquqşünas olmayıb. Yəni 26 il müddətində Tərlan Əkbərov zavodlarda, şirkətlərdə kadr şöbəsində, hüquq firmasında çalışıb. Və 26 ildən sonra hansısa sehrli çubuğun gücü ilə hakim təyin olunub.

İnanmırsınız baxın:

1957 -anadan olub.

1983 -Azərbaycan Dövlət Universiteti. Hüquq fakültəsini bitirib

1983 – 1988- “Dövləttəchizkom”un “Azərmaştəchizatsatış” idarəsində baş hüquqşünas

1988 – 1992-“Azərmaş” Birliyi Hüquq-müqavilə şöbəsinin rəisi

1992-“ATEK” Kommersiya Şirkəti Hüquq-müqavilə şöbəsinin rəisi

1992 – 1993-“Azərmaşavadanlıq” Birliyi Hüquq-müqavilə şöbəsinin rəisi

1993 – 1997-Azərmaş Birliyi Hüquq-müqavilə şöbəsinin rəisi

1997-Azərmaşkimya idarəsi Hüquq-müqavilə şöbəsinin rəisi

1997 – 2001-Azərmaşavadanlıq Birliyi Hüquq-müqavilə şöbəsinin rəisi

2001 – 2003-Raznooptorq QTSC-də Hüquq şöbəsinin rəisi

2003 – 2004-Bakı Fəhləsi Maşınqayırma Zavodu TASC Nəzarət-təşkilat şöbəsinin rəisi, hüquqşünas

2004 – 2008-Bakı Fəhləsi Maşınqayırma Zavodu TASC Kadrlar və xüsusi işlər şöbəsinin rəisi

2008 – 2013-Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi

2013 -indiyə kimi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi…

Araşdırmamız davam edir…

Mahmud Rasimoğlu

Qafqaznews.az

Mövzu ilə bağlı linklər: 

“Notarius vəzifə cinayəti edib”

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir – VİDEO

Baş Notariat idarəsi istintaqı ifşa etdi..?


“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

Prokurorluq notariusa havadarlıq edir..?

4 uşaq anası təhlükəli Azərbacan vəhabiləri ilə bağlı Prezidentə ŞOK müraciət etdi

Araz Dadaşov indi də keçmiş arvadının qızıllarını əlindən almaq istəyir -VİDEO

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR