Azərbaycanda intihar hallarının hamısı qeydə alınmır

Ona görə də ölkəmiz Avropada intihar hallarının sayına görə axırıncı yerdədir

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı hazırladığı statistikada deyilir. Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir. Sənədə əsasən, Ukrayna (20.1 faiz) və Rusiyada (20.1 faiz) qeydə alınan göstəricilər eynidir. Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz). ( APA)

Bu yaxınlarda Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova bildirib ki, 2016-cı il Azərbaycanda 327 intihar-tamamlanmış suisid hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfər təşkil edib.

Mərkəzin rəsmisi qeyd edib ki, Azərbaycanda intiharların sayı kritik vəziyyətdən aşağıdır: “Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsidir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub”.

ru.sputnik.az yazır ki, intiharla bağlı statistika bütün halları əhatə etmir. Məsələn, piyada özünü avtomobilin altına atır və bu avtoqəza kimi qeydə alınır. Yaxud kimsə sirkə, yaxud dərman içib intihar edir, bu hal dərmandan zəhərlənmə kimi qeydə alınır. (ru.sputnik.az).

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Qafqaz Xəbər Agentliyinə bildirib ki, Avropada intihar hallarının sayına görə ölkəmizin axırıncı yerdə olması inandırıcı deyil: “ Mən buna inanmıram. Hər gün ölkəmizdə vətəndaşın özünə qəsd etməsi ilə bağlı eşidirik”.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri  Şəhla İsmayıl isə bildirib ki, elə Avropa ölkələri var ki,  onlarda ənənəvi olaraq intihar yüksəkdir. Məsələn, Norveç…orda günəş az olur. Bu isə insanların əhvalına təsir edir”.

Şəhla İsmayıl bildirdi ki, Avropada intihar hallarının sayına görə ölkəmizin axırıncı yerdə olmasına, yəni statistikanın obyektivliyinə inanmır. Müxbirimizin “Nə üçün?” sualına Ş.İsmayıl belə cavab verdi: “Azərbaycanda intiharların sayının artması ilə bağlı həyacan təbili çalmağın vaxtı çatıb. Ölkəmizdə özünə qəsd edənlər və intihara cəhd edənlərin sayı artır. Bizim təşkilat qadınların intihar məsələsini araşdırıb. Təəssüf ki, bu problemlə bağlı əlimizdə statistika yoxdur. Biz mediada dərc olunan və DİN-in yaydığı məlumatlardan özümüz üçün baza yaratdıq. Hətta bu rəqəmlər belə böyük həyacan doğurur.

Bu məsələdə artım hiss olunur. Həm də nəzərə almaq lazmdır ki, bir çox hallarda intiharla bağlı məlumat mediaya çıxmır”.

Ş.İsmayılın sözlərinə görə, 2010-cu ildə qadınlar arasında 89 intihara cəhd olmuşdusa, 2016-cı ildə bu rəqəm 121 olub: “ Qadın üçün intihara cəhd problemdən çıxmaq üçün alternativ yoldur. Həm də qadınlara qarşı zorakılıq halları da artır. Elə gün olmur ki, qadın öldürülməsin, yaxud döyülməsin”.

Məsələ ilə bağlı Ağdam psixdispanserinin baş həkim müavini Tofiq Qədimov Qafqaz Xəbər Agentliyinə bildirib ki, ötən illərlə müqayisədə Azərbaycanda intihar hallarının sayı artır: “Biz bunun qarşısını almağa çalışırıq. Ancaq bizim başqa rayonlara getmək imkanımız yoxdur. Ancaq Ağdamda nə mümkündürsə edirik”.

Qafqaz Xəbər Agentliyi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR