Balina necə nəhəng olub?

Bığlı balinalar planetdə ən böyük, 150 tonluq göy balina isə gəlmiş-keçmiş ən nəhəng heyvan hesab olunur. Novator.az-ın məlumatına görə, balinaların nəhəngliyini araşdıran amerikalı alimlər “Proceedings of the Royal Society B” jurnalında bu haqda məqalə ilə çıxış ediblər. Yazıda bildirilir ki, balinaların nəhəngliyi onların qida üsulu ilə bağlıdır.

Alimlər Vaşinqtonun Milli Təbiət Muzeyində saxlanan balina qalıqlarını nəzərdən keçirib. Onların bəzilərinin yaşı 30 milyon ilə çatır. Həmin balinaların ölçüləri bir-birindən az fərqlənir. Məlum olub ki, balinaların nəhəngləşməsi yaxın vaxtlara təsadüf edir. 4,5 milyon il əvvəl balinaların uzunluğu 10 metrə qədər imiş. Hazırkı göy balinaların uzunluğu isə 30 metrə çatır.

Mütəxəssislər balinaların çəkisinin artmağa başlamasının səbəbini araşdırıblar. Onlar 4,3-4,7 milyon il əvvəl planetdə növbəti buzlaşmanın baş verdiyini nəzərə alıblar. Okeanlarda buz qatının genişlənməsi, suyun dərəcəsinin enməsi balıqların və bəzi yırtıcıların kütləvi məhvinə gətirib çıxarıb. Beləcə balinaların qida bazası böyüyüb.

Digər tərəfdən həmin qida bazası dünya okeanı üzrə bərabər qaydada bölünməyib, yem dalınca uzaq məsafə qət etmək lazım gəlib. Nəhəng heyvanın uzaq məsafəyə üzməsi asandır. Bu, iridişli qohumlarından can qurtaran bığlı balinaların ölçüsünün artmasına gətirib çıxarıb. Nəticədə orta ölçülü balinalar məhv olmağa başlayıb və yalnız nəhənglər sağ qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR