CHP də Ərdoğana səsləndi: ABŞ-dan imtina et!

ABŞ-ın YPG-yə silah verməsi qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Öztürk Yılmaz söyləyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərini ləğv etməli olduğunu bildirib:

“Prezidentin səfəri dərhal təxirə salınmalıdır. Bu səfərin təxirə salınmaması ölkənin etibarına zərər vuracaq. Türkiyənin niyə bu vəziyyətə gəldiyini öyrənmək lazımdır. Türkiyəni Suriyaya girməyə ABŞ təhrik etdi. Türkiyə hazırda Suriyada tək uduzan ölkədir. ABŞ artıq İraq və Suriyada özünün yetişdirdikləri ilə hərəkət etməyə üstünlük verir. Bu, Türkiyə-ABŞ arasındakı ayrılığı kəskinləşdirir. ABŞ da, Avropa da Əsədi devirmək istəyirdi. Hamısı bir müddət sonra ağıllı davranaraq, bundan səssiz imtina etdilər və öz maraqlarına yönəldilər. Suriya mövzusunda hər kəsin maskası artıq yırtılıb”.

Qeyd edək ki, Tramp-Ərdoğan görüşü ərəfəsində ABŞ-ın YPG-yə iriçaplı silahlar verməsi Türkiyədə ciddi narazılıq yaradıb. Türkiyə ordusunun ehtiyatda olan generalı Bəyazid Qaradaş da Ərdoğana ABŞ səfərini təxirə salmaq üçün çağırış edib.

Ərdoğan isə məhz bu məsələləri Trampla müzakirə edəcəyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR