Dövlət aparatında ixtisarlar korrupsiyanın azalması ilə nəticələnməyəcək

Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov idarəetmə sistemində islahatların zəruriliyi barədə açıqlama vermişdi: “Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir. İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir”.

Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq bildirib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunur. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. O, qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”. (qaynar.info).

İxtisarlar dövlət aparatının effektivliyini artıracaqmı..? Bu, ixtisar xatirinə ixtisar olmayacaqmı..? Məsələ ilə bağlı iqtisadçı Sabit Bağırov Qafqaz Xəbər Agentlyinə bildirdi ki, ixtisarlar adətən işçilərin sayına yenidən baxılması ilə müşaiyət olunur: “ Mən düşünürəm ki, gözlənilən ixtisarlar mexaniki səciyyə daşımayacaq. Hesab edirəm ki, işçilərin vəzifə öhdəliyi ilə bağlı konkret düşünülmüş proqram həyata keçiriləcək”.

Müxbirimizin “ Bu korrupsiyanın səviyyəsinə təsir edəcəkmi?” sualına iqtisadçı belə cavab verdi: “Məmur nə qədər az olarsa, korrupsiya riski də o qədrə az olar. Ancaq bu o demək deyil ki, məmurların ixtisarı avtomatik ölkədə korrupsiyanın azalmasına gətirəcək. Hər halda korrupsiya riski azalacaq”.

İxtisarlarla bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə Qafqaz Xəbər Agentliyinə ağaşıdakıları söylədi: “ Bu və ya digər nazirlikdə ixtisardan öncə aydınlaşdırmaq lazımdır ki, buna zərurət varmı?”.

Qəhrəmanlının fikrincə, dövlət idarəetmə sistemində ciddi isahatlara ehtiyac var: “ Bizdə məmur aparatı çox şişib. Nazirlik və komitələrdə kifayət qədər artıq şöbə və ştatlar var. Bu təkcə nazirliklərə aid deyil, SOCAR-da, “Azərişıq”da, “Azəriqaz”da da belədir”.

Qəhrəmanlı onu da qeyd etdi ki, ən təhlükəli məsələ ixtisar prosesində işinin öhdəsindən gələ bilməyənlərin deyil, müsabiqə yolu ilə işə qəbul olunan bacarıqlı gənclərin ixtisara salınmasıdır: “ Belə olarsa dövlət qulluğunda ancaq savadsız və bacarıqsız məmurlar qalacaq”.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR