Dövlət Gömrük Komitəsi vətəndaşların zəhərlənməsinin qarşısını almır?

29 may 2017-ci ildə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda Azərbaycanda satılan tütün məhsullarının təqribən 70 faizdən çoxunun müddəti keçib: “ Buna görə də köşklərdə 5 il müddəti olan siqaret almaq olar. Siqaret və digər tütün məhsullarının qutusunda istehsal vaxtı və saxlanma müddəti göstərilmir.

Dünyada müddətsiz heç nə yoxdur. Məhsulun heç biri uzun müddətli ola bilməz. Hətta mən bu barədə Milli Məclisdəki çıxışımda demişəm. Bunlar istəyir ki, məhsulları “ömürlük” olsun”. Hüseynov təsdiq edir ki, satılan siqaretlərin ancaq 1 illik yararlılıq müddəti ola bilər: “ Mən 15 il çalışsam da istehsalçıların siqaretin üzərində istehsal vaxtı və saxlanma müddətini göstərməsinə nail ola bilmədim. Bununla yanaşı Azərbaycanda filtirsiz siqaretlərin satışının dayandırılmasına da çalışıram. Mən bu barədə təkliflərimi Dövlət Standartlaşma, Metrologiya və Patent Komitəsinə göndərmişəm, amma inanmıram ki, bu şərtlər dövlət standartları siyahısına düşsün”.

Hüseynov onu da bildirib ki, Azərbaycan alıcısı təkcə vaxtı keçmiş siqaret almır: “ Azərbaycanın siqaret bazarının 25 faizi qaçaqmal yolu ilə yaranır”.(“Sputnik.az” Azərbaycan).

Biz Eyyub Hüseynovun tütün məhsullarının istehsal vaxtı və yararlılıq müddəti barədə Bakı ŞİH-nin İstehlak bazarı və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırova müraciət etdik. O , Qafqaz Xəbər Agentliyinə bildirdi ki, tütün məhsulları və alkoqollu içkilərə lisenziya vermək məsələsi bir neçə ildir bizim departamentdən alınıb: “ Əvvəl Bakı ŞİH tütün məhsullarının satışına nəzarət edirdi. Biz tütün məhsulları satanlara lisenziya verirdik və siqaretin saxlanma şəraitinə nəzarət edirdik. Ancaq bu gün bu səlahiyyət bizdə deyil”.

Müxbirimizin “ Siqaretin ölkəyə gətirilməsinə hansı qurum nəzarət edir?” sualına Bağırov belə cavab verdi: “ Bilmirəm. Yəqin ki, Gömrük komitəsi, ya da İqtisadiyyat nazirliyi nəzarət edər”.

Eyni sualla İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə müraciət etdik. Təəssüf ki, o, bizim sualımıza cavab verməkdən imtina etdi. Onda biz DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlamağa çalışdıq, ancaq bu mümkün olmadı.

Məsələ ilə bağlı deputat Vahid Əhmədov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, ölkəyə istənilən məhsul, o cümlədən tütün məhsulları idxal ediləndə gömrük bəyannaməsi doldurulur: “ Bu bəyannamədə məhsulun istehsal tarixi və yararlılıq müddəti mütləq göstərilməlidir”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, ölkəyə idxal olunan siqaretlərin çoxunun müddəti keçib: “ Mən artıq neçə ildir çalışıram ki, tütün məhsullarında istehsal tarixi və yararlılıq müddəti göstərilsin: “ 15 il əvvəl ölkəmizdə “Tütün və tütün məhsulları haqqında” qanun qəbul ediləndə mən qəti şəkildə etiraz etdim və tələb etdim ki, məhsulun üstündə istehsal tarixi göstərilsin və yararlılıq müddəti 1 il olsun”.

Müxbirimizin “Nə üçün 1 il müddəti ?” sualına Eyyubov belə cavab verdi: “ Çünki əksər ölkələrdə yararlılıq müdəti 1 il müəyyən olunub. Mən təklif irəli sürəndə Dövlət Standartlaşma, Metrologiya və Patent Komitəsi mənim təklifimin əleyhinə getdi”.

Biz hüquq müdafiəçisindən soruşduq ki,”Əgər Azərbaycanda istehsal tarixi və yararlılıq müddəti göstərilmirsə deməli, bizdə vaxtı keçmiş siqaret yoxdur?”. Hüseynovun cavabı belə oldu: “ De-yure elədir. Amma de-fakto Azərbaycan alıcısının ona zərər vurmayan siqaret almaq hüququ var”.

Müxbirimizin “ Siz siqaretin yararlıq müddətinin 1  il olması barədə dövlət qurumlarına məlumat vermisiniz?” sualına Eyyubov “Əlbəttə” cavabını verdi. Müxbirimizin “Bu o deməkdirmi ki, müddəti keçmiş siqaretləri ölkəmizə buraxan məmurlar vətəndaşların zəhərlənməsində iştirak edir?” sualına Hüseynovun münasibəti belə oldu: “ Bəli, həqiqətən də belədir”.

Rəşad Rüstəmov

 Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR