Ermənistanda koalisiya hökuməti quruldu

Ermənistanın hakim Respublika Partiyası hökumət ortağı Daşnaksütunla yeni koalisiya razılaşması imzalayıb. Respublika Partiyasına prezident Serj Sərkisyan liderlik edir. Novator.az-ın məlumatına görə, imzalanma mərasimi mayın 11-i prezidentin iqamətgahında keçirilib. Razılaşma 2017-2022-ci illəri əhatə edir.

Aprelin 2-də keçirilmiş parlament seçkisində Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanaraq hökumət qurmaq hüququ əldə edib. Daşnaksütun Partiyası 7 mandat götürüb.

2016-cı il fevralın 24-ü Respublika Partiyası ilə imzalanmış uzunmüddətli əməkdaşlıq razılaşması əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilib.

Yeni razılaşma ilə daşnaklar – təbiəti mühafizə naziri Arsvik Minasyan, elm və təhsil naziri Levon Mkrtçyan, ərazi idarəçiliyi və inkişaf naziri David Lokyanın öz postlarında qalması gözlənir.

2015-ci ilin dekabr ayında qəbul edilmiş yeni konstitusiya ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən parlamentdə mandatların yarıdan çoxuna sahib partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR