Faciənin təkrar baş verməsi təhlükəsi hələ aradan qalxmayıb

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Miryusif Mahmudov , Uğur Bəşirov, Ələkbər Əsgərov , Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işinə baxılıb. Məhkəmənin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətinin təsisçisi Miryusif Mahmudov 8 il, direktor Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Ağacavad Məmmədov və Akif Əlibəyova isə şərti iş verilib. Xatırlatma üçün qeyd edək ki, 19 may 2015-ci ildə səhər saatlarında başlayan yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı. (minval.az).

Məlumdur ki, faciədən sonra prezident İlham Əliyevin göstərişi ilə bütün binalardakı təhlükəli üzlüklər sökülməyə başladı. Ancaq hələ də binaların tezalışan, həm də ucuz materiallarla üzlənməsi barədə xəbərlər daxil olur. Şəhərsalma üzrə ekspert Aytəkin İmranova hesab edir ki, oxşar yanğınların başvermə təhlükəsi qalmaqda davam edir: “ Çünki tezalışan üzlüklərin sökülməsi prosesi başa çatmayıb. Nə qədər ki,nəzarət yoxdur, ortada korrupsiya faktları var, tikintidə yüngül qazanc araxasınca qaçanlar var, deməli oxşar yanğınlar yenidən təkrarlana bilər”.(contact.az).

Biz tezalışan üzlüklərin sökülmə prosesinin başa çatıb-çatmadığını aydınlaşdırmaq qərarına gəldik. Və məsələ ilə bağlı FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramova zəng etsək də, o həmişəki kimi telefona cavab vermədi. Ona görə də Qafqaz Xəbər Agentliyi olaraq Yanğın Təhlükəsizliyi Dövlət Xidmətinə müraciət etdik. Növbətçi mayor Süleymanov bizə bildirdi ki, bütün poliuretan üzlüklər sökülüb.

Müxbirimizin “Bütün poliuretan bütün binalardan sökülüb?” sualına mayor belə cavab verdi: “ Mən onu bilmirəm. Bu mənim sahəm deyil. Mən sadə növbətçiyəm”.

Şəhərsalma üzrə ekspert Aytəkin İmranova isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə bildirdi ki, faciədən sonra FHN mütləq elan etməli idi ki, yanğın təhlükəsinin aradan qalxması üçün hansı işlər görüb və neçə binadan təhlükəli poliuretan örtüklər sökülüb, ancaq bunlar olmadı. Ekspertin fikrincə, tikintidə təhlükəli materiallardan istifadə olunmaq məsələsi aradan qalxmayıb: “ Onu da qeyd edim ki, “Azadlıq” prospektindəki 16 mərtəbəli binada baş verən yanğına, faciəyə görə, FHN-in heç bir yüksəkçinli məmuru cəzalandırılmadı”.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR