“Gördüm toya gedirlər, pəncərədən girdim” – Evdən qızıl və pul oğurlayan keçmiş məhkum – VİDEO

Bakıda 4 gün əvvəl törədilən oğurluq faktının üstü açılıb.

ARB TV xəbər verir ki, evdən pul və qızıl-zinət əşyaları oğurlayanın keçmiş məhkum olduğu aydınlaşıb.

O, artıq saxlanılıb, cinayət işinin istintaqı yekunlaşdıqdan sonra ikinci dəfə dərs verilməsi üçün məhkəmə qarşısına çıxarılacaq.

Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birindən 890 manat pul və qızıl əşyalar oğurlanıb. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş verən oğurluq cinayətinin üstü açılıb. Faktı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nahid İsmayılov saxlanılıb. İsmayılov ifadəsi zamanı əməlini etiraf edib və oğurladığı qızıl-zinət əşyalarını satdığını bildirib.

Nahid İsmayılov (saxlanılan şəxs): “Sabunçudan keçəndə gördüm ki, qapını bağlayıb toya gedirlər. Mən də pəncərədən girib 890 manat pulu və qızılları götürdüm. Aparıb “Laçın”da 325 manata satdım”.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən Nahid İsmayılovun digər cinayətlərdə də iştirakını istisna etmirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR