Hüseynqulu Bağırov Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elçin Salahovla bacara bilmir?!

“Millətinsəsi.info” saytının redaksiyasına Şamaxı rayon sakini Ağayev İbrahim Elman oğlu tərəfindən şikayət məktubu daxil olub. Həmin şikayəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Şamaxı və Ağsu meşələrinin davamlı olaraq qırılması bu gün yerli ictimaiyyəti ciddi narahat edən məsələlərdən biridir. Meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elçin Salahov daşıyır. Məhz bu məmurun fəaliyyəti nəticəsində Şamaxı və Ağsu rayonları ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilib.

Qeyd etmək istəyirəm ki, hazırda Elçin Salahovun rəhbərlik etdiyi müəssisə 13 min 562 hektar meşə sahəsinə xidmət göstərir. Elçin Salahov müəssisəyə direktor təyin olunandan sonra Şamaxıda meşə bərpası və meşəsalma işləri sahəsində durğunluq yaranıb.

Digər tərəfdən bu təyinatdan sonra rayon ərazisindəki meşəliklə daha acınacqlı bir duruma düşüb. Son iki ildə rayonun meşə massivləri amansızcasına məhv edilib.”
Şikayətçi Ağayev İbrahim Elman oğlu redaksiyamıza məktubunda yazıb ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsək də, bir nəticəsi olmayıb: “Rayonun meşələrindəki ağaclar emal müəssisələri üçün əsl xammal bazasına çevrilib. Abasxanlı, Sabəyli, Qaradağ və Talış kəndlərində “yaşıl soyqırım” səngimək bilmir. Bu meşə əraziləri ağaclar kəsiləndən sonra bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə satılır.

Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunun qeyri-qənatbəxş fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Şamaxı meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilir.

Məlum olduğu kimi adı çəkilən rayonlar həm də səfalı təbiəti ilə turizmin inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdirlər. Lakin bu həm də istirahət mərkəzi kimi pərdələnmiş müxtəlif şübhəli əyləncə mərkəzləri təsis edən işbazlar üçün cəlbedici bir məqamdır. Təbii ki, müvafiq konsepsiya və qaydalara uyğun, ölkə qanunlarını pozmadan həyata keçirilən fəaliyyət növləri belələri üçün maraqsızdır. Belə olduğu halda isə həmin şəxsləri qaranlıq işlərinə məhz A.Şirinov kimi korrupsioner məmurlar yarayırlar.”

Sonra Şamaxı rayon sakini onu da bildirib ki, Elçin Salahovun Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə rəhbərlik etdiyi dövr ərzində Ağsuya aid olan Nüydi meşəsi demək olar ki, tamamilə məhv edilmişdir: “Bəzi ərazilərdə isə, hətta qırılmış meşələrin yerində balıq yetişdirilməsi üzrə ixtisaslaşan fermalar üçün xüsusi göllər yaradılmışdır. Hər iki halda da Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi bu ərazilərin satışından külli-miqdarda pul əldə edir.

Elçin Salahov yaxın adamlarını, qohumlarını ətrafına toplayaraq Şamaxı meşələrinə əməlli-başlı qənim kəsilib. Belə ki, o, əvvəlki meşəbəylərini işdən çıxardaraq onların yerinə öz qohumlarını yerləşdirib və həmin şəxslərin vasitəsilə qanunsuz əməllərini rahatlıqla həyata keçirir. Odun biznesi ilə məşğul olan şəxslər meşəbəyilərlə anlaşma əldə edərək, ağacları kəsib mebel sexlərinə xammal kimi təhvil verirlər, ya da qazın olmadığı kəndlərə yanacaq vasitəsi kimi satırlar. Qış aylarında Şamaxıda oduna tələbat xeyli artır. Bunu fürsət bilənlər bir maşın odunu vətəndaşlara 600 manata təklif edirlər. Bir vaxtlar sıxlığı ilə diqqəti çəkən Şamaxı meşələri sürətlə səhralığa çevrilir. Müəssisənin rəhbərliyi ağacların qırılmasına göz yummaqla təbiətə böyük ziyan dəyməsinə şərait yaradır.

Elçin Salahov hər rüb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat verir ki, guya meşə təsərrüfatına aid olan ərazilərdə ağaclar əkilib və digər tədbirlər görülüb. Onun hesabatları reallıqla üst-üstə düşmür. Bu adam meşə təsərrüfatının inkişafı üçün qətiyyən çalışmır.”

Şikayətçi Ağayev İbrahim Elman oğlu sonda onu da məktubunda yazıb ki, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində törədilən bütün bu və digər yaramazlıqlar barədə dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən şıkayətlər ünvanlasaq da, nazirlik hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir.

Məsələ ilə bağlı Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elçin Salahovla əlaqə saxlayıb mövqe bildirməsini istəsək də, müxtəlif bəhanələrlə iki həftə ərzində bizə açıqlama verməkdən imtina etdi. Təkrarən Elçin Salahovla telefon əlaqəsi saxlayıb, şikayət məktubundakı ittihamlara cavab verməsini istədik. O, isə əvəzinə bizimlə çox səviyyəsiz, “bazar” adamı kimi danışaraq, “Bakıda yaşayan qohumu ilə görüş, ondan sənə 50 AZN göndərmişəm” deyərək telefonu bağladı.(Millətinsəsi.info”)

P.S. Düşünür ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov həmin faktlarla və Elçin Salahovun bizim əməkdaşla bu cür danışığı ilə bağlı ciddi tədbir görülməsi üçün tapşırıqlar verəcək.
P.P.S. Həmin şikayətlə bağlı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyqulu Bağırova məktub göndərilib. Yəqin ki, yaxın günlərdə nazirliyin mövqeyin öyrənəcəyik.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR