İki dəhşətli qəzada 1 ölü, 6 yaralı – VİDEO

Daşkəsən rayonu Quşçu kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, “Qazel” markalı yük avtomobili ilə “VAZ” 2106 markalı minik avtomobilinin toqquşması nəticəsində “Qazel” yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları cəlb olunub. 68 yaşlı Bəxtiyar Uğurluyevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə, xəsarət alan Qiyas Bayramov və Rəşid Məmmədov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Şəmkirdə isə “Jiquli” ağır tonnajlı avtomobillə toqquşub. 29 yaşlı Anar Ramazanov “Shagman” markalı yük avtomobili ilə Şəmkir-Gədəbəy yolunda hərəkətdə olarkən maneəylə qarşılaşıb. Bu zaman sürücü idarəetməni itirərək qarşı tərəfdən gələn “VAZ -2107” markalı avtomobilin yoluna çıxıb. Toqquşma nəticəsində taksi fəaliyyəti göstərən “Vaz”-ın sürücüsü, Şəmkir rayon sakini 38 yaşlı Ceyhun Mustafeyev, sərnişinləri – 41 yaşlı İntiqam Məhərrəmov, 59 yaşlı Nəcəf Məmmədov və 33 yaşlı Sərxan Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Sərnişinlərdən Sərxan Bayramov əməliyyat edilib, həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir. Qəzada xəsarət alan digər 3 nəfər isə ambulator müalicəyə göndərilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR