“İstəmirdim dolanışığım meyxanadan olsun” – Pərviz Bülbülə – VİDEO

“Heç kimin üzərimdə zəhməti yoxdur”

“Kiməsə ustad deyirəmsə, sadəcə hörmət olaraqdı”

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı tanınmış meyxanaçı Pərviz Bülbülə olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən meyxanaçı, ilk qazancından bəhs edib:

“10 ilə bu populyarlığı qazanmışam. Tək sənət yox, şans da önəmli rol oynayır. İlk qazancımı dülgərlikdə qazanmışam. O zamanlar meyxana deyə bilirdim. Sadəcə istəmirdim ki, dolanışığım, həyat tərzim meyxanadan olsun. Meyxanaya gəlir kimi yox, sənət kimi baxırdım. Qorxurdum ki, meyxanaya gəlir kimi baxıb qoşulsam, nəsə əldə edə bilmərəm. Niyyət, məqsəd tam başqa cür olacaqdı. 19 yaşında mebel yığmağa başladım. Meyxananı 12 yaşımdan deyirdim. 2-ci sinifdə oxuyanda atama meyxana kasetləri aldırıb ustadların meyxanalarına baxırdım. Heç kimin yolunu davam etdirmək istəmirdim. Çalışırdım özümü tapım. Özümü tapmaq üçün də zaman lazım idi. Həmin zamanda da dolanışığımı təmin etmək üçün dülgərlik etdim. Müəyyən zaman mən Pərviz Bülbülə üçün işlədim, sonra o mənim üçün. Bu da 5-6 ilə öz bəhrəsini verdi”.

Meyxanaçı daha sonra heç kimə bənzəməməsindən və ustadının olmamasından bəhs edib:

“Mən ustadlara baxmışam, sevmişəm, amma heç kimə bənzəməmişəm. Kiminsə Pərviz filankəs kimi deməsini istəməmişəm. Mən bu gün kiməsə ustad deyirəmsə, o demək deyil ki, mənə nəsə öyrədib. Sadəcə olaraq hörmət əlaməti var. Sadəcə heç kim mənim müəllimim, ustadım olmayıb. Heç kimin mənim üzərimdə zəhməti yoxdur. Özümdən kiçik biri də bir neçə il sonra mənə ustad desə, məlum məsələdir ki, hörmət əlaməti olaraq deyir və mən ona heç nə öyrətməmişəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR