Məcburi sığorta

Banklar qanunu pozur

25 may 2017-ci il tarixdə Kavkaznews.az saytında “Bank Standard qanunu pozub?” başlıqlı məqalə dərc olunub. Məqalə Masallı rayon sakini Kamal Qafarlının Qafqaz Xəbər Agentliyinə müraciəti əsasında hazırlanıb: “ 2015-ci ildə mənim həyat yoldaşım Rövşanə Mehdiyeva Toyota Prado markalı avtomobil alıb. O, avtomobili almaq üçün 2015-ci ilin avqustunda «Bank Standart»dan 16 faizlə 31200 dollar kredit götürüb. 2015-ci ilin avqustunda avtomobil CASCO üzrə Standart Insurance-də sığortalanıb. Həmin avtomobili etibarnamə ilə mən idarə etmişəm.

19 may 2016-cı ildə həmin avtomobili mən idarə edərkən Ələt-Astara yolunda qəzaya düşdüm. Biz bu barədə sığorta şirkətinə məlumat verdik. Həmin anda hadisə yerinə Standart Insurance-in Lənkərandakı nümayəndəsi gəldi”.

Qafarlının sözlərinə görə, polis tərəfindən aparılan təhqiqat sübut etdi ki, qəza onun günahı üzündən baş verməyib: “ Bunu Standart Insurance şirkəti də etiraf etdi. Sığorta müqaviləsinə əsasən avtomobilin təmir olunacağı servis mərkəzini biz müəyyən edə bilərik. Biz isə “Prado” servis mərkəzini seçdik. Ancaq bugünədək bizim avtomobilimiz təmir olunmayıb. Çünki Standart Insurance şirkəti bizim avtomobilin təmiri üçün servis mərkəzinə pul ödəmək istəmir. Sığorta şirkəti bildirir ki, sığorta haqqı ancaq «Bank Standart»-a ödənə bilər.

Bankın avtomobilin təmiri ilə nə əlaqəsi ola bilər…aydın deyil. Bundan başqa həyat yoldaşımla “Bank Standart” arasında bağlanan kredit müqaviləsində qəza vaxtı ödənilən sığorta haqqının mütləq banka ödənilməsi ilə bağlı bircə söz də yoxdur”.

Məsələ ilə bağlı Standart Insurance şirkətinin sığorta ödənişləri üzrə mütəxəssisi Pərviz Məmmədrzayev Qafqaz Xəbər Agentliyinə bildirib ki, sığorta haqqı “fayda götürən şəxsin” müəyyən edilməsi əsasında köçürülür: “ СASCO sığortanın qaydalarında belə bir termin var, “fayda götürən şəxs”. Fayda götürən şəxs bizim şirkətə ödəniş edir. Hazırkı halda bu “Bank Standart”dır”.

25 may 2017-ci ildə Kamal Qafarlı Qafqaz Xəbər Agentlyinə bildirib ki, onun həyat yoldaşı Bank Standard-dan kredit götürən zaman bank tələb edib ki, Standard Insurance-lə sığorta müqaviləsi bağlasın. (Kavkaznews.az).

Biz daha hansı bankların kredit alan müştərilərdən sığorta müqaviləsi bağlamağı tələb etməsini aydınlaşdırmaq qərarına gəldik. AGBANK QSC-nin nümayəndəsi Əntiqə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, ipoteka krediti götürəndə mütləq əmlak və həyat sığortası bağlanmalıdır: “ Sığorta müqaviləsi biz əməkdaşlıq etdiyimiz şirkətlərlə olmalıdır”.

Məsələ ilə bağlı ATABANK QSC-nin kredit üzrə mütəxəssisi Vüqar Qafqaz Xəbər Agentliyinə bildirdi ki, bizim müştəri ipoteka krediti almaq üçün mütləq öz həyatını bizim əməkdaşlıq etdiyimiz şirkətdə sığortalamalıdır.

AZER TURK BANK QSC-nin əməkdaşı Gülərin sözlərinə görə, onun çalışdığı bank dövlət hesabına ipoteka krediti verir.

Müxbirimizin “İpoteka krediti mütləq sığortalanmalıdırmı?” sualına Gülərin cavabı belə oldu: “ İpoteka krediti Dövlət ipoteka fondunun müəyyən etdiyi şərtlər əsasında verilir”.

Gülər sonra bizə təklif etdi ki, bankın kredit üzrə mütəxəssisi Elmarla danışaq. AZER TURK BANK QSC-nin kredit üzrə mütəxəssisi Elmar Qafqaz Xəbər Agentliyinə bildirdi ki, bankdan götürülən ipoteka kreditinin sığortalanması məcburidir: “ İpoteka krediti götürən mütləq həyatını və əmlakını Qalasığorta-da sığortalamalıdır”.

Məsələ ilə bağlı “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov agentliyimizə bildirdi ki, bankın ixtiyarı yoxdur ki, müştəridən bu və ya digər sığorta şirkətini seçməyi tələb etsin.

Vəkil Elmar Süleymanov Qafqaz Xəbər Agentliyinə bildirib ki, bank müştəriyə sadəcə məsləhət verə bilər ki, hansı sığorta şirkəti daha sərfəlidir: “ Ancaq praktikada ipoteka krediti verən bankın öz müştərisinə həyat və əmlak sığortası müqaviləsi bağlamaq üşün konkret şirkət təklif etməsi geniş yayılıb. Bu isə qanun pozuntusudur”.

Vəkil Əsabəli Mustafayev isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə bildirib ki, bankın öz müştərisi üçün sığorta şirkəti müəyyən etməsi qanunsuzluqdur və rəqabət prinsipinin pozulmasıdır: “ Bu həmin sferada inhisarçılığa gətirib çıxarır.

Bank sadəcə müştəriyə deyə bilər ki, hansı sığorta şirkətinə daha çox etibar edir. Amma bu da hüquqi əsas daşımamalıdır. Müştəri qarşısında belə tələb qoymaq qanunsuzdur və qeyri-sağlam rəqabət mühiti yaradır. Həm də müştərilərin seçim hüququnu pozur”.

Əsabəli Mustafayev bankların “məcburi” sığorta tələbini belə səciyyələndirdi: “ Bankların müştərilərdən “öz sığorta şirkətləri” ilə müqavilə bağlamağı tələb etməsi həm iqtisadi, həm də hüquqi cəhətdən rəqabət prinsipinin pozulması deməkdir. Qeyri-qanuni rəqabətlə bağlı bizdə xüsusi qanun da var. Amma praktikada bunu sübut etmək çox çətindir. Çünki banklar müştərilərinə qeyri-rəsmi olaraq sığorta şirkəti təklif edirlər”.

Rəşad Rüstəmov

Kavkaznews.az

Mövzu ilə bağlı linklər:
«Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir”

“Bank Standard qanunu pozub?”

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR