“Mən bunu jurnalistikanın təqib olunması kimi qiymətləndirirəm”

22 may 2017-ci il tarixdə LEGİON saytında “Mətbuat Şurası İdarə Heyətinin üzvü: ” Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır” başlıqlı məqalə dərc olunub. Məqalə “Yapı Kredi Bank” QSC-nin “Qafqaz Xəbər Agentliyi” MMC barəsində Nərimanov rayon məhkəməsinə müraciətindən bəhs edir. İddia ərizəsinə əsasən Qafqaz Xəbər Agentliyinin “Yapı Kredi Bank” barəsində yaydığı informasiya həqiqətə uyğun deyil və bankın işgüzar nüfuzuna zərər vurub. İddia ərizəsində qeyd olunur ki, Qafqaz Xəbər Agentliyi digər saytlarda dərc olunan materialları təkrar dərc edərək “Yapı Kredi Bank”ın işgüzar nüfuzuna zərər vurub.

Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Qafqaz Xəbər Agentliyinə bildirib ki, “KİV haqqında” qanuna görə, başqa KİV-də dərc olunan və təkzib olunmayan məqalənin təkrar dərcinə görə məsuliyyət yoxdur. Mətbuat Şurası İdarə Heyətinin digər üzvü Yadigar Məmmədli isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə bildirib ki, KİV başqa media vasitəsində dərc olunmuş və təkzib olunmayn tənqidi xarakterli məqaləni dərc etmək hüququna malikdir. Məmmədli onu da bildirdi ki, yaxşı olar ki, KİV istinadla yazını təkrar çap edəndə digər tərəfin fikrini öyrənsin: “ Jurnalistlərin etik davranış kodeksinin pinsiplərindən biri də məlumat dərc olunanda qarşı tərəfin fikrinin öyrənilməsdir.

Amma Qanun digər tərəfin fikrinin öyrənilməsini mütləq tələb etmir. Qanunda yazılır ki, əgər material təkzib olunmayıbsa, başqa KİV-in onu təkrar dərc etmək hüququ var”. (LEGION).

24 may 2017-ci il tarixdə məsələ ilə bağlı sorğunu davam etdirmək qərarına gəldik. Hüquq müdafiəçisi Səadət Bənənyarlı Qafqaz Xəbər Agentliyinə bildirdi ki, məncə, KİV başqa mediaya istinadən məqalə dərc edibsə, məsuliyyəti ilkin mənbə daşıyır: “ Amma yaxşı olar ki, bu məsələ ilə bağlı peşəkar hüquqşünasa müraciət edəsiniz”.

Mövzu ilə bağlı vəkil Elçin Sadıqov isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, əgər məqalə təkzib olunmayıbsa, onda həmin məqaləni təkrar və istinadla dərc edən KİV “KİV haqqında” qanunun 62-ci maddəsinə görə, heç bir məsuliyyət daşımır.

Müzakirə olunan vəziyyətlə bağlı hüquq müdafiəçisi Səidə Qocamanı isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, hazırkı halda KİV qanunu pozmayıb və ilkin mənbəni göstərib: “ Mən bu situasiyanı jurnalistikanın təqib olunması kimi qiymətləndirirəm”.

Çingiz Rüstəmoğlu

 Kavkaznews.az

Mövzu ilə bağlı link:

Mətbuat Şurası İdarə Heyətinin üzvü: ”Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

“Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR