Mətbuat Şurası İdarə Heyətinin üzvü: ”Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

 Bugünlərdə “Yapı Kredi Bank” QSC “Qafqaz Xəbər Agentliyi” MMC barəsində yayılan məlumatın həqiqətə uyğun olmaması və işgüzar nüfuza zərər vurulması iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. İddia ərizəsinə əsasən Qafqaz Xəbər Agentliyinin öz facebook səhifəsində “Yapı Kredi Bank” barəsində yaydığı informasiya həqiqətə uyğun deyil və bankın işgüzar nüfuzuna zərər vurub. İddia ərizəsində qeyd olunur ki, Qafqaz Xəbər Agentliyi digər saytlarda dərc olunan materialları təkrar dərc edərək “Yapı Kredi Bank”ın işgüzar nüfuzuna zərər vurub. Məsələ ilə bağlı media üzrə ekspert Ələsgər Məmmədli Qafqaz Xəbər Agentliyinə bildirib ki, əgər məqalə ilkin mənbəyə istinadla verilibsə, “KİV haqqında” qanuna görə, agentlik heç bir məsuliyyət daşımır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə Qafqaz Xəbər Agentliyinə bildirib ki, “KİV haqqında” qanunda dəqiq göstərilib ki, digər KİV-in dərc etdiyi və təkzib olunmayan informasiyanı yayan media orqanı heç bir məsuliyyət daşımır: “ Bu halda məsuliyyəti ilkin mənbə daşıyır. Yəni istinadla təkrar dərc etməyə görə məsuliyyət yoxdur”. “İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev isə LEGİON-a bildirib ki, əgər Qafqaz Xəbər Agentliyi istinadla məqalə dərc edibsə, həmin məqalənin məzmununa görə məsuliyyətdən azaddır. (ru.legion.az).

22 may 2017-ci il tarixdə biz bu məsələ ilə bağlı araşdırmamızı davam etdirmək qərarına gəldik. Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Qafqaz Xəbər Agentliyinə bildirib ki, “KİV haqqında” qanuna görə, başqa KİV-də dərc olunan və təkzib olunmayan məqalənin təkrar dərcinə görə məsuliyyət yoxdur.

Mətbuat Şurası İdarə Heyətinin digər üzvü Yadigar Məmmədli isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə bildirib ki, KİV başqa media vasitəsində dərc olumuş və təkzib olunmayn tənqidi xarakterli məqaləni dərc etmək hüququna malikdir. Məmmədli onu da bildirdi ki, yaxşı olar ki, KİV istinadla yazını təkrar çap edəndə digər tərəfin fikrini öyrənsin: “ Jurnalistlərin etik davranış kodeksinin pinsiplərindən biri də məlumat dərc olunanda qarşı tərəfin fikrinin öyrənilməsdir.

Amma qanun digər tərəfin fikrinin öyrənilməsini mütləq tələb etmir. Qanunda yazılır ki, əgər material təkzib olunmayıbsa, başqa KİV-in onu təkrar dərc etmək hüququ var”.

Haqqin.az saytının əməkdaşı Yusif Əliyev isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, siz heç bir məsuliyət daşımırsınız: “ haqqin.az saytı da belə bir halla üzləşmişdi. Qarşı tərəfə cavab olaraq bildirdik ki, fikrinizi dərc etməyə hazırıq”. Qafqaz Xəbər Agentliyi qarşı tərəfin fikrini öyrənmək üçün “Yapı Kredi Bank Azərbaycan”   QSC-nin mətbuat xidmətinin rəhbəri Heydər İsmayılovla əlaqə saxladı. O, bildirdi ki, bizə yazılı müraciət edin.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az

Mövzu ilə bağlı link:

“Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR