Millət vəkili: “Ermənistandakı “İsgəndər-m” raket kompleksi region üçün ciddi təhlükə mənbəyidir”

Mayın 28-də Tiflisdə keçirilən NATO PA-nın Elm və Texnologiyalar komitəsinin iclasında Yaxın  və Orta Şərqdə ekologiyanın vəziyyəti, Qara Dəniz hövzəsində təhlükəsizlik, ballistik raketlərdən müdafiə və digər məsələlərin  müzakirəsi olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin direktoru İrakli Meneqaraşvili Qara Dəniz hövzəsində təhlükəsizlik və ballistik raketlərdən gələn təhlükələrlə bağlı məruzə ilə çıxış edib. O, tutarlı faktlar gətirərək Qara Dəniz regionunda real təhlükələrin olduğunu bildirib.

NATO PA-nın yaz sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məruzə sona çatdıqdan sonra mövzu ilə bağlı çıxış edib. O, Azərbaycanın Qara dəniz hövzəsinin təhlükəsizliyində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında və bu qurumun PA-dakı rolu və regionun inkişafındakı xidmətləri ilə əlaqədar ətraflı məlumat verib.

Qara Dəniz regionunda mövcud olan problemlər haqqında məlumat verən Məlahət İbrahimqızı, həm də baş verəcək təhlükə barədə qeydlərini iştirakçılara çatdırıb. O, Rusiyanın Suriyada terrorçulara qarşı mübarizədə Ermənistan ərazisində yerləşən hərbi bazalarından, daha konkret desək, ballistik raketlərdən istifadə edəcəyini bəyan etdiyini vurğulayıb: “ Bu isə Cənubi Qafqazda sabitliyin pozulmasında əsas rol oynayan Ermənistanın ballistik, operativ-taktiki raketlərə malik olduğunu bir daha sübut edir. Bu da, öz növbəsində, Cənubi Qafqaz ölkələri, eləcə də, Avropanın özü üçün ciddi təhlükə mənbəyidir”.

M.İbrahimqızı bu cür faktların məruzədə əksini tapmamasından təəssüf hissi keçirdiyini bildirib. Sonda məruzəçi  İrakli Meneqaraşvili Azərbaycan nümayəndə heyətinin sözlərini təsdiqləyərək Ermənistanın Rusiyadan “İsgəndər-m” operativ-raket kompleksi aldığını və bunun da Cənubi Qafqaz regionu üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR