Müsəlman donuz ətinə görə 100 milyon dollar təzminat istəyir

ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində Məhəmməd adlı müsəlman məşhur “Little Caesars” restoranlar şəbəkəsini tərkibində donuz əti olan pizzanı halal adı altında satmasına görə məhkəməyə verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Detroit Free Press” nəşri yazır.

Dirborn sakini Məhəmməd Bazzi şirkəti müqaviləni pozmaq, məlumatı təhrif etmək, fırıldaqçılıq və qeyri-qanuni qazanc əldə etməkdə ittiham edib. Təzminat qismində o, 100 milyon dollar tələb edir.

Martın 20-də Bazzi və onun həyat yoldaşı “Little Caesars” restoranından aldıqları halal pizzanı yeyəndə onun tərkibində donuz əti aşkarlayıblar. Onlar polisə müraciət etsələr də, hadisə martın 24-də yenidən təkrarlanıb.

Bazzini məhkəmədə təmsil edən vəkil baş verənləri biabırçılıq adlandırıb.

“Mənim müştərilərim istəyirlər ki, ictimaiyyət bu barədə məlumatlı olsun. Əsasən də, Müqəddəs Ramazan ayı vaxtı”, –  o bəyan edib.

Vəkil hesab edir ki, ittihama digər zərərçəkmiş şəxslər də qoşula bilərlər.

“Little Caesars”ın nümayəndəsi Cill Proktor isə bildirib ki, şirkət ona qarşı irəli sürülən ittihamları əsassız hesab edir.

Bazzinin restoranın meneceri ilə söhbətinin audioyazısı qalıb. Yazıya əsasən, müsəlman özü qutuya “halal” etiketinin vurulmasını istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR