NATO-nun yeni mənzil-qərargahı 1 milyard avroya başa gəlib

Belçikanın Baş naziri Şarl Mişel Brüsseldə NATO-nun sammitinin keçiriləcəyi gün alyansın yeni mənzil-qərargahının açarlarını Yens Stoltenberqə təhvil verəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mərasim elə həmin gün alyansın sammitinin keçiriləcəyi NATO-nun yeni binasının rəsmi açılışı ilə əlaqədardır. Diplomatik mənbələrin məlumatına əsasən, əməkdaşların yeni mənzil-qərargaha tam miqyaslı köçürülməsi ilin sonunda başa çatacaq. Hazırda yeni binada Şimali Atlantika Blokunun mənzil-qərargahının 4 mindən artıq əməkdaşından yalnız 300 nəfəri işə başlayıb.
Xatırladaq ki, NATO-nun mənzil-qərargahı 1967-ci ildə, Fransanın alyansın hərbi strukturundan çıxmaq barədə qərarından sonra Brüsselə köçürülüb. 30 il sonra NATO-nun binasının genişləndirilməsinə ehtiyac yaranıb. 1999-cu ildə alyansın dövlət və hökumət başçıları Vaşinqtonda keçirilən sammitdə yeni mənzil-qərargahının tikilməsi barədə razılığa gəlib.
Şüşə və metal konstruksiyadan ibarət yeni bina 41 hektarlıq ərazidə inşa olunub. Binanın tikintisi və mənzil-qərargahın köçürülməsi ilə birgə proqramın ümumi dəyəri 1 milyard avro həcmində qiymətləndirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR