Özünü yandıranların sayı artacaq ?

24 may 2017-ci ildə 64 yaşlı Ramiz Manafov Neftçilər prospekti 63 ünvanda yerləşən “Bank Respublika”nın qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ramiz Manafov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. İlkin müayinə zamanı bəlli olub ki, onun bədəninin böyük hissəsi yanıb. Həkimlər ona 3-4-cü dərəcəli yanıq diaqnozu qoyublar. Mütəxəssislərin dediyinə görə Ramiz Manafovun yaşamaq şansı çox azdır. Manafovun ailə üzvləri bildirib ki, “Bank Respublika” vətəndaşın evini əlindən aldığı üçün o stres keçirib və özünü yandırıb. (PressClub.Az).

Qafqaz Xəbər Agentliyi Ramiz Manafovun durumuna aydınlıq gətirmək üçün Respublika Yanıq Mərkəzinə müraciət etdi. Mərkəzdən Qafqaz Xəbər Agentliyinə bildiriblər ki, Ramiz Manafov müalicə üçün Türkiyəyə göndərilib. “Bu səfəri və müalicəni kim maliyyələşdirib?” sualı ilə “Bank Respublika”nın əməkdaşı Samir Fazilova müraciət etdik. Təəssüf ki, o, “Bu mənim sferam deyil” deyərək sualımıza cavab verməkdən imtina etdi.

Biz məsələ ilə bağlı Ramiz Manafovun yaxınları ilə əlaqə yaratmağa çalışsaq da bu mümkün olmadı. Səbail rayon prokurorluğundan bizə bildirdilər ki, özünüyandırma faktı ilə bağlı cinayət işi açılıb: “ İş Babək Zakirzadəyə tapşırılıb. O, bu gün işdə yoxdur. İkinci gün zəng edin”.

İqtisadçı Qadir İbrahimlinin fikrincə, bank borcları ilə bağlı ölkəmizdə özünü yandıranların sayı artmaqda davam edəcək. Qafqaz Xəbər Agentliyinin müxbirinin “Siz nə üçün belə hesab edirsiniz?” sualına Qadir İbrahimli belə cavab verdi: “Kreditin qaytarılması ilə bağlı məsuliyyət mütləq borclu, bank və dövlət arasında bölünməlidir.

MDB dövlətlərinin çoxunda müvafiq qanun qəbul olunub. Vaxtilə Azərbaycan vətəndaşları məmurların manatın kursunun sabit qalacağı ilə bağlı bəyanatlarına inanıb evlərini girov qoyaraq banklardan dollarla kredit götürüblər. Mövcud maliyyə durumuna görə dövlət də məsuliyyət daşıyır. Ona görə də kreditin qaytarılması məsuliyyətini dövlət vətəndaşla bölüşməlidir”.

İqtisadçı Samir Əliyev problemlə bağlı fikirlərini Qafqaz Xəbər Agentliyinə bildirdi: “ Milli valyutanın devalvasiyasından sonra banklardan dollarla kredit götürənlər 2 dəfə artıq pul qaytarmağa məcbur oldular. Bizim ölkəmizdə devalvasiyadan sonra bütün ağırlıq borclu vətəndaşların üzərinı qoyuldu. Mən o vaxt təklif etdim ki, borcun bir hissəsini dövlət ödəsin, bir hissəsindən də bank imtina etsin. Bu ideya ilə Milli Məclisin üzvü Əli Məsimli və digər iqtisadçılar da çıxış etdi. Məncə, dövlət bütün məsuliyyəti borclu vətəndaşların üzərinə qoymalı deyildi. Düzdür, son vaxtlar banklar bəzi güzəştlər edir, amma bu problemin həll olunmasına kifayət etmir”.

Müxbirimizin “Banklar hansı güzəştləri edir?” sualına iqtisadçı belə cavab verdi: “ Bəzi banklar kreditin qaytarılma müddətini uzatdılar. Bəzi banklar dollarla olan borcun kursunu 1 manat 40 qəpik etdilər. Amma bu güzəştlər kifayət etmədi. Vaxtında bizim təkliflərimizi qəbul etmədiyi üçün indi təkcə vətəndaşlar deyil, banklar da çətinlik çəkir. 2015-ci ildən bəri səhv etmirəmsə, 13 bank bağlanıb. Əgər dövlət vaxtında güzəştə getsəydi daha az sayda bank bağlanardı”.

İqtisadçı onu da bildirdi ki, banklar kreditləri qaytara bilmədiyi üçün bağlanır: “ Kreditlər isə əhalinin yatırımlarından yaranır. Bəzi banklar zamanında ağıllı hərəkət edərək 1-ci devalvasiyadan sonra dollarla olan kreditləri manata çevirdilər. Bu banklar 2-ci devalvasiya zamanı çox əziyyət çəkmədilər. Məncə, dövlət xarici valyuta ilə kreditə icazə verməməlidir. Bu qadağa keçən il qoyuldu. Amma gec idi. Problemin kökündə də bu dayanır. Bu məsələlərə köklü yanaşmaq lazımdır, fiziki şəxsin müflis olması ilə bağlı qanun qəbul edilməlidir. Hüquqi şəxslərlə bağlı bu qanun var. Sivil ölkələrdə krediti qaytara bilməyən borclular özünü müflis elan edir və müflis olmaq barədə proses başlayır. Ona görə də mütləq fiziki şəxslərin müflis olması haqqında qanun qəbul edilməlidir”.

Məsələ ilə bağlı deputat Hadı Rəcəbli Qafqaz Xəbər Agentliyinə bildirdi ki, deputat Ziyad Səmədzadə “Müflisləşmə haqqında” qanun layihəsi təqdim etdi və qanun qəbul olundu. Müxbirimizin “ Deməli “Müflisləşmə haqqında” qanun artıq fəaliyyət göstərirmi?” sualına deputat “Bilmirəm” cavabını verdi. Müxbirimizin “Axı, siz özünüz dediniz ki, Ziyad Səmədzadənin təqdim etdiyi qanun layihəsi qəbul olundu” fikrinə Hadı Rəcəblinin münasibəti belə oldu: “ Mənə o barədə heç nə məlum deyil”.

 Çingiz Rüstəmoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR