“Qafqaz Xəbər Agentliyi istinadla verdiyi xəbərə görə məsuliyyət daşımır”

Bu günlərdə “Yapı Kredi Bank” QSC “Qafqaz Xəbər Agentliyi” MMC barəsində yayılan məlumatın həqiqətə uyğun olmaması və işgüzar nüfuza zərər vuruması iddiası ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. İddia ərizəsinə əsasən Qafqaz Xəbər Agentliyinin öz facebook səhifəsində “Yapı Kredi Bank” barəsində yaydığı informasiya həqiqətə uyğun deyil və bankın işgüzar nüfuzuna zərər vurub.

Bank iddia edir ki, 30 mart 2017-ci ildə Qafqaz Xəbər Agentliyi 21 mart 2017-ci ildə 365info.az saytında dərc olunan «Yapı Kredi Bank»ın başını qara buludlar alıb?-Nüanslar” başlıqlı yazını öz facebook səhifəsində yayıb: ”31 mart 2017 –ci ildə Qafqaz Xəbər Agentliyi 28 mart 2017-ci ildə 365info.az saytında dərc olunan «Yapı Kredi Bank” Anar Məmmədovu məhkəməyə verir?-Araşdırma ” başlıqlı yazını öz facebook səhifəsində yayıb, 31 mart 2017 –ci ildə Qafqaz Xəbər Agentliyi 2015-ci ildə Azerbaycaninfo.az saytında dərc olunan “Yapı Kredi Bank Azərbaycan” vətəndaşları necə aldadır?” başlıqlı yazını öz facebook səhifəsində yayıb, 31 mart 2017 –ci ildə Qafqaz Xəbər Agentliyi 15 avqust 2016-cı ildə Anaxeber.az saytında dərc olunan “Fətullah Gülənin Azərbaycandakı gizli bankı-“Yapı Kredi Bank”ın əsl sahibi kimdir?” başlıqlı yazını öz facebook səhifəsində yayıb, 2017-ci iin mart ayında teref.info saytının dərc etdiyi “Daha bir bank bağlanır- Yapı Kredi Bank” başlıqlı yazını, 2017-ci iin mart ayında ölke.az saytının dərc etdiyi “Yapı Kredi Bank Azərbaycan” müştəriləri aldadır” başlıqlı yazını Qafqaz Xəbər Agentliyi öz facebook səhifəsində yayıb.

Qeyd etmək istəyirik ki, həmin saytlarda verilən məqalələrdə banka heç bir ( nə hüquqi, nə də başqa bir ) əsası olmayan və fərziyyələrə əsaslanmaqla məlumat yayılmışdır. Nəticədə bankın işgüzar nüfuzuna ciddi zərər dəymiş, müştərilərin banka olan inamı xeyli dərəcədə sarsılmışdır. Hesab edirik ki, Qafqaz Xəbər Agentliyi və Araz Məmmədov bankdan rəsmi qaydada üzr istəməli, agentlik öz facebook səhifəsindən bankla bağlı məqalələri çıxarmalıdır”.

“Yapı Kredi Bank”ın iddiası ilə bağlı media üzrə ekspert Ələsgər Məmmədlinin fikirlərini öyrəndik: “ Əgər məqalə ilkin mənbəyə istinadla verilibsə, “KİV haqqında” qanuna görə, agentlik heç bir məsuliyyət daşımır”.

Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət LEGİON-a bildirdi ki, “KİV haqqında” qanunda dəqiq göstərilib ki, digər KİV-in dərc etdiyi və təkzib olunmayan informasiyanı yayan media orqanı heç bir məsuliyyət daşımır. Bu halda məsuliyyəti ilkin mənbə daşıyır. Yəni istinadla təkrar dərc etməyə görə məsuliyyət yoxdur”.

“İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev isə LEGİON-a bildirib ki, əgər Qafqaz Xəbər Agentliyi istinadla məqalə dərc edibsə, həmin məqalənin məzmununa görə məsuliyyətdən azaddır.

Çingiz Rüstəmoğlu

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR