Sahibkar Birinci vitse-prezidentdən və digər vəzifə sahiblərindən kömək istəyir

“QASİD”  firmasının direktor müavini Ağəli İsmayılov  hakimi pulla ələ alıb?

Sahibkar  Aslanlı Zahid Həsən oğlu məhkəmə hakimlərinin  qanunsuz  hərəkətləri  barədə Birinci Vitse-Prezident xanım M.Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab R.Mehdiyevə, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova, Ali Məhkəmənin sədri cənab R.Rzayevə və Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.

Müraciəti olduğu kimi dərc edirik.

“Mən “Leyla” firmasının təsisçisi və direktoru olaraq  firmanın balansında olan “Dan Ulduzu” şadlıq sarayının 50 faizini İsmayılov Ağəliyə satmaqla bağlı  öz aramızda razılaşdıq. Bu məqsədlə 19 sentyabr 2013-cü il tarixdə “Dan Ulduzu 2013” MMC-ni hər birimizin payı 50 faiz olmaqla təsis etdik. Ağali İsmayılov ilə razılaşdıq ki, şadlıq sarayının ümumi dəyəri 5.700.000 ABŞ dolları olmaqla, ilkin ödəniş formasında A.İsmayılov mənə 785.000 manat pul  verdi. Bu məbləği öz aramızda həmin vaxtın məzənnəsi ilə 1.000.000 ABŞ dollarına bərabər tutduq. Həmin pulu mən şadlıq sarayın yenidən qurulmasına yönəltdim. 14 oktyabr  2013-cü il tarixdə notarial müqavilə əsasında özümə məxsus “Leyla” firmasının balansında olan şadlıq sarayını bu firmanın balansından çıxardıb  A.İsmayılov ilə birlikdə təsis etdiyim “Dan Ulduzu 2013” MMC-nin balansına keçirdim. Şadlıq sarayını “Dan Ulduzu 2013” MMC-nin balansına keçirdikdən sonra ( MMC-nin tərkibində  şadlıq sarayı) A.İsmayılov ilə birlikdə işlədərək gəlirləri aramızda böldük. Sonradan A.İsmayılov şadlıq sarayının 50 faiz payın qiyməti 2.750.000 ABŞ dollar məbləğində pulu mənə ödəməkdən imtina etdi. Bu səbəbdən mən A.İsmayılov ilə öz aramızda yazılı müqavilə qaydasında 13.05.2014-cü il tarixdə razılaşdıq ki, şadlıq sarayı 4.500.000 satılarsa A.İsmayılova 1.100.000 manat veriləcək.

Bu müqavilənin mahiyyəti həm də onunla əlaqədardır ki, A.İsmayılov və mən bir daha təsdiq etdik ki, onun tərəfindən təqdim olunmuş 785.000 manat məhz şadlıq sarayın alınması üçün mənə verilmiş, mən də bu məqsədlə  A.İmsayılov ilə birlikdə “Dan Ulduz 2013”  MMC təsis etməklə müəssisədə  paylarımızı bərabər hesab etdik. A.İsmayılov əmlakın ümumi dəyərində onun 50 faizlik payının yerdə qalan hissəsini ödəmədən şadlıq sarayın əmlakında 50 faizə sahib olmaq istəyi ilə aramızda məhkəmə çəkişmələri başlamışdır.

Sabunçu rayon məhkəməsinin 20.06.2016-cı il tarixli qətnaməsi ilə A.İsmayılovdan Şadlıq sarayın dəyəri üçün borclu qaldığı 1.750.000 ABŞ dolları məbləğində pul vəsaitin alınaraq mənə verilməsi qətt edildi.

Bundan sonra Nizami rayon məhkəməsi (hakim R.Əhmədov) 09.08.2016-cı il tarixli qətnaməsi ilə Ağalı İsmayılovun xeyrinə 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti, habelə bu vəsaitdən faydalandığım üçün 1 il üçün 7 faiz hesabı ilə 70.000 ABŞ dolları məbləğində pul  vəsaitin məndən tutulması  qətt edildi.

Hər iki məhkəmənin qətnamələrindən verilmiş apellyasiya şikayətlərini Bakı Apellyasiya məhkəməsinin hakim M.Məmmədov bir icraatda birləşdirməklə 03.02.2017-ci il tarixdə yeni qətnamə çıxartdı.

Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə Sabunçu rayon məhkəməsinin qətnaməsi əsassız olaraq ləğv edilərək, yekun qərar olaraq A.İsmayılovun “Dan Ulduzu 2013” MMC-nin təsisçiliyindən çıxarılmasına və məndən onun xeyrinə 1.000.000 ABŞ dolları və həmin məbləğdən faydalandığıma görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 ABŞ dolları məbləğində pul vəsaitin məndən tutulması qətt edildi.

Bu qətnamədən kassasiya şikayəti vermişəm. Bakı Apellyasiya məhkəməsinin qətnaməsi konstitusiya  və qanun əsasında deyil, şəxsi maraq və münasibətlər çərçivəsində çıxarılmışdır.

Cənab Sədr! Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149 və 218.3-cü maddələrin və digər normalarının tələblərinə görə iddia tələbini iddiaçı müəyyən edir. Lakin bu işdə isə hakim iddia tələbini kommersiya baxışları və şəxsi maraqları nəticəsində özü müəyyən edib. Bununla əlaqədar aşağıdakı pozuntunu diqqətinizə çatdırıram:

– iddiaçı A.İsmayılovun imzaladığı iddia ərizəsində məhkəmədən aşağıdakılar barədə qətnamə çıxarılmasını xahiş edilir: “mənim (yəni A.İsmayılovun) “Dan Ulduzu” MMC-nin təsisçiliyindən çıxarılmağıma, ümumi sahəsi 1408,2 kv.m qeyri-yaşayış sahəsinin – “Dan Ulduzu” şadlıq sarayının naturada bölünməsinə, giriş-çıxışının müəyyən edilməsinə, bu, mümkün olmadıqda isə 1.000.000 (bir milyon) ABŞ dollarının indiki məzənnəyə uyğun olaraq “Dan Ulduzu” MMC-dən tutularaq mənə ödənilməsinə dair Qətnamə çıxarılsın.”

-Bakı Apellyasiya məhkəməsinin hakimi M.Məmmədov 03 fevral 2017-ci il tarixdə aşağıdakı məzmunda qətnamə çıxarmışdır:

Bakı Şəhəti Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2016-cı il tarixli qətnamə ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilsin.

İddiaçı Aslanlı Zahid Həsən oğlunun cavabdeh İsmayılov Ağəli Şirəli oğluna qarşı “pulun qaytarılması tələbi barədə” iddiası təmin edilməsin.

2(007)-2105/2016 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli qətnamədən İsmayılov Ağəli Şirəli oğlunun və Aslanlı Zahid Həsən oğlunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin.

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2016-cı il tarixli qətnamə ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilsin.

İddiaçı İsmayılov Ağəli Şirəli oğlunun cavabdehlər Aslanlı Zahid Həsən oğlu və “Dan Ulduzu-2013” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması və sair tələbləri barədə” iddiası qismən təmin edilsin.

İsmayılov Ağəli Şirəli oğlu “Dan Ulduzu-2013” Məhdud Məsuliyyəti Cəmiyyətin təsisçiliyindən çıxarılsın.

Aslanlı Zahid Həsən oğlundan İsmayılov Ağəli Şirəli oğlunun xeyrinə 1.000.000 (bir milyon) ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulsun.

Qətnamənin İsmayılov Ağəli Şirəli oğlunun “Dan Ulduzu-2013” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsi eyni zamanda icra olunsun.

İddia ərizəsində iddiaçı “Dan Ulduz 2013” MMC-dən pulun tutularaq ona verilməsini məhkəmədən xahiş edib. Çünki iddiaçı bilir və bütün ərizələrində yazır ki, 785.000 manat pulu mənə Şadlıq sarayın 50 faizlik payı almaq üçün verib. Mən isə şadlıq sarayın balansında olduğu Leyla firmasının təsisçisi olaraq, ondan pulu alıb onu paya şərik etməyə razılıq vermişəm.  Mən adi sıravi vətəndaş kimi deyil – müəssisənin təsisçisi sahibi olaraq A.İsmayılova əmlak payı satdığım üçün ondan pul alıb onu əmlak payına şərik etmişəm. Buna baxmayaraq hakim M.Məmmədov iddiaçının tələbindən kənara çıxaraq pulu məndən- Z.Aslanlıdan tutmağa qərar verib. Çünki şəxsi maraq hər şeydən üstündür. Ziddiyətli digər məqamlardan biri də odur ki, hakim iddia tələbindən kənara çıxıb pulu məndən tutur, lakin Ağəli İsmayılovun MMC     -nin təsisçiliyindən çıxarılması ilə pulun alınmasını eyni zamanda icra olunmasını qətnamədə qeyd edib. Deməli hakim bilir ki, Ağəli İsmayılov mənə firmanın təsisçisi və sahibi kimi ona firmanın balansında olan şadlıq sarayın əmlakından pay satdığım üçün firmanın təsisçisi olaraq payçı olmaq istəyəndən pul alıb onu paya şərik etmişəm. Belə olan halda hakim qanunları deyil, şəxsi maraq əsasında qərar qəbul etməsi- kommersiya münasibəti hesab edilməlidir yoxsa hüquq münasibəti?! Hakim konstitusiya və qanun əsasında ədalətli qərar qəbul etməlidir yoxsa kommersiya maraqları güdməlidir? Hakim tələbkarın əvəzindən iddia tələbini dəyişdirib özü istədiyi qərarı çıxarırsa bu hərəkətin adı nə adlandırılmalıdır? Hakim M.Məmmədovun qəbul etdiyi qətnamə AR MM-nin 93, 95, 96, 214-216, 385, 389, 425, 427.1, 439, 441, 442, 1091 və sair normaların habelə, MPM-nin 71, 82.3, 149, 151, 152.1.1, 259.0.4, 216, 218.3 maddələrin tələbləri pozulmuşdur.

Mən müəssisənin təsisçisi olaraq öz şəxsi firmamın balansında olan xüsusi əmlaka digər tərəfi şərik etmişəm. Əmlakın mülkiyyətçisi və müəssisənin təsisçisi olaraq payı sataraq şəxsi paya sahib edib digər şəxsi müəssisənin balansındakı əmlaka payçı etmişəm. Belə olan halda məhkəmə iddiaçının tələbindən kənara çıxıb məndən pulu tutmağa qərar verirsə, bu halda hakimin qanunu pozmaqda məqsədi nədir?

Nəzərə alınmalıdır ki, mənim digər tərəflə münasibətlərim kommersiya münasibətləri zəminində olmaqla müəssisənin təsisçisi sahibi və direktoru olaraq həmin müəssisədəki əmlak payımın bir hissəsini digər tərəfə satdığım halda, həmin əmlak hal-hazırda yerində müvcud olduğu halda hakim hansı qanuna görə pulu müəssisədən, yaxud müəssisənin balansındakı əmlakdan deyil məndən tutmağa qərar verir. Özü də iddiaçı iddia ərizəsi əsasında məndən yox müəssisədən pulu tələb edib. Deməli ya iddiaçı hakimdən daha çox ədalətli, insaflı və qanunu hakimdən yaxşı bilir, yaxud hakim qanunları saya almır! Qanunsuz qətnamənin Ali məhkəmə tərəfindən ləğv edilməsinə və qanunsuz qərar qəbul etmiş hakimlər barəsində tədbirlər görülməsini Sizlərdən xahiş edirəm. Hörmətlə, Zahid Aslanlı”.

Qeyd: Məlumat üçün bildirək ki, Ağəli İsmayılov  Milli Məclisin üzvü,  “QASİD” mətbuat yayım şirkətinin direktoru Mirkazım  Kazımovun müavinidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR