Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirilir

Bu gün Tiflisdə NATO Parlament Assambleyasının (PA) yaz sessiyasının plenar iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO PA-nın sədri Paolo Ali tədbiri açaraq, NATO-nun Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. O, Gürcüstanın NATO-ya qoşulmaq niyyətində olmasını sevindirici hal kimi qiymətləndirib.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkədə həyata keçirilən islahatlardan danışıb: “Gürcüstan NATO-nun tamhüquqlu üzvü olmağa cəhd edir. Düşünürük ki, düzgün yoldayıq. Bu, xalqın arzusudur”.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili NATO PA-nın yaz sessiyasının Tiflisdə keçirilməsini alqışlayıb: “Hər yerdə təhlükə var, mürəkkəb dövrdə yaşayırıq. Torpaqlarımızın 20 faizini şimal qonşumuz işğal edib, insanlar öz ölkələrində qaçqın vəziyyətinə düşüblər. Bunlara baxmayaraq, Gürcüstan demokratiya yolunu seçib. Ölkəm inkişaf edir və Avropa strukturlarına inteqrasiya edir. Səbirsizliklə Gürcüstanın NATO-ya üzv olacağı günü gözləyirik. Hazırda bu istiqamətdə Alyansda da iş aparılır”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili qəbul etdikləri öhdəliklər barədə də danışıb. O, ölkədə müdafiə sisteminin genişləndirilməsi, məhkəmələrin müstəqilliyi, prokuror seçkilərinin şəffaflığı, təhsilin inkişafı, kütləvi informasiya vasitələrinin azadlığı, informasiya şəffaflığının təmin olunması, milli azlıqlar və gender bərabərliyi, məhbuslar üçün şərait və digər vacib öhdəliklər haqqında fikirlərini bildirib.

Baş nazir Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan layihələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

NATO baş katibinin müavini Rouz Qiotenmiuler sessiyanın Gürcüstanda keçirilməsinin vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, iclasın sonunda NATO PA üzvlərinin Gürcüstanın Alyansa üzvlüyünün dəstəklənməsinə dair bəyannamə qəbul ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR