Azərbaycanda üz dəyişdirmək mümkündür? – VİDEO

Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Con Travolta və Nikolas Keycin baş rollarda olduğu “Üzsüz” filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur,  eləcə də üz cərrahi müdaxilədən sonra kinolardakı kimi mükəmməl görünmür.

Oxu.Az-ın xəbərinə görə, ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

“Üz dəyişdirmək əməliyyatı çox mürəkkəb bir əməliyyatdır və dünyada bir neçə ölkədə, bir neçə xəstəyə aparılır cəmi. Aralarında ölən xəstələr də var. Bu xəstələr ömür boyu dərmandan istifadə edirlər ki, üz qalsın, ayrılmasın”, plastik cərrah Rauf Kərimov deyib.

Əməliyyat zamanı pasiyentə  ölmüş adamın üzü köçürülür.

“İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna görə ölkəmizdə meyitdən orqan köçürülməsi mümkün olsa da, təcrübədə bir çox problemə rast gəlinir. Belə  əməliyyat hələ ki, baş tutmayıb. Məsələ ilə bağlı dünyada fərqli qaydalar  var.  Müəyyən ölkələrdə şəxsin dünyasını dəyişmədən öncəki razılığı əsas götürülsə də, bəzilərində vəfat edən insanın qohumlarının icazəsi də şərtdir. Ölkəmizdə isə artıq bir neçə ildir bununla bağlı müzakirələr gedir.

Üzün nəqlinə gəldikdə isə problem təkcə təcrübədə yaşanmır. Ölkə qanunlarında üz köçürülməsinə ümumiyyətlə toxunulmayıb.

“Qanunda elə orqanın transplantasiyasından söhbət gedir ki, o orqan cüt olsun və bundan sonra donora həyatını davam etməsi imkanı yaransın. Üzün transplantasiyası zamanı donor həyatını davam etdirə bilməz”, – hüquqşünas Vüqar Səfərli bildirib.

Dünyada üzün cərrahi müdaxilə ilə müəyyən qədər dəyişdirilməsi hallarına rast gəlinir. Ehtimallara görə, bu  kriminal avtoritetlər arasında baş verir. Amma bu əməliyyatlar leqal olmur və gizli aparılır. Üzün dəyişdirilməsinə rəsmi icazə verildiyi hallar da var.  Məsələn, bəzi ölkələrdə önəmli məhkəmə proseslərində şahidlik edən şəxslərin qorunması üçün əməliyyata icazə verilir. Bu zaman başqa hüquqi məsələlər də ortaya çıxır.

Plastik cərrah Rauf Kərimov əlavə edib ki, üz dəyişdirilməsi hüquqi prosesdir:

“Bu böyük bir dövlət xəstəxanasından aparılacaq əməliyyatdır. Hər yerdən icazə alınır və təsdiqlənir. Böyük ehtimal onun şəxsiyyət vəsiqəsi də dəyişilir”.

Reallıq odur ki, ölkəmizdə üz transplantasiyası hələ ki mümkün deyil.  Üzün dəyişdirilməsinə qədərki proseslər kimi, əməliyyat baş tutduqdan sonra şəxsin həyat  və fəaliyyəti qanunla tənzimlənmir. Meyitdən orqanların köçürülməsi məsələsi  isə müzakirə olunsa da, reallaşdırmaq çətindir.  Üz transplantasiyasının nə zaman mümkün olacağını isə təcrübə göstərəcək.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR