“Carabao” Azərbaycan qanunlarını tanımır..?

 

Bu günlərdə Qafqaz Xəbər Agentliyinin nümayəndəsi Araz Məmmədov “Neptun” supermarketində olarkən onun diqqətini “Carabao” energetik içkisinin üzərində Azərbaycan dilində yazılı məlumatın olmadığı cəlb edib.

Yəni Azərbaycan alıcısı həmin məhsulun qabının üzərində istehsal tarixi, yararlıq müddəti və sairə məlumatları öz dilində tapa bilmir.

Bizim əməkdaşımız satıcıdan həmin məhsulun gigiyena sertifikatını tələb edib. Amma supermarketdə “Carabao” energetik içkisinin gigiyena sertifikatı olmayıb.

Yeri gəlmişkən, 3 aprel 2017-ci il tarixdə “Carabao” energetik içkisinin istehsalçısı Azərbaycan bazarına daxil olduğunu elan edib.

Məhsulun reklamlarında qeyd olunur ki, “Carabao” energetik içkisi insana gündəlik çətinliklərlə qarşılaşarkən möhkəm qalmaq üçün güc bəxş edir.

Məhsulun istehsalçısı inanır ki, “Carabao” Azərbaycan insanında komanda ruhunun möhkəmlənməsinə kömək edəcək.

Carabao — “Çelsi”, “Redinq” kimi ingilis və “Flamenqo” kimi Braziliya futbol klublarının əsas oyundaşıdır. Həm də İngiltərənin Futbol Liqası öz kubokunu “Carabao” Kuboku ilə əvəz edib.

Bütün bunlar şirkətin reklamlarında qeyd edilir.

Carabaonun əsas ilhamvericisi qeyri-adi gücü və döyüşkənliyi ilə seçilən Asiya camışıdır. (1news.az).

Məsələ ilə bağlı “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov Qafqaz Xəbər Agentliyinə bildirib ki, Azərbaycana idxal olan məhsul onun mənşəyi ilə bağlı sənədlə birgə daxil olmalıdır: “ Hər məhsulda AZS nişanı olmalıdır. Məhsulun sənədi Azərbaycan dilində olmalıdır”.

 

Sərdarov onu da bildirdi ki, məhsulun üzərində Azərbaycan dilində məlumatın olmaması onu göstərir ki, məhsul qaçaqmal yolu ilə gətirilib: “Belə məhsullar bütün dünyada arzu olunmaz hesab edilir və orqanizm üçün çox zərərlidir”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynovun da fikirlərini öyrəndik.

Hüseynov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, Azərbaycanda satılan hər məhsulun üzərində Azərbaycan dilində məlumat olmalıdır: “Bu  “Dövlət dili” haqqında, “İstehlakçıların hüquqlar” haqqında, “Qida məhsulları” haqqında qanunların tələbidir”.

Hüseynovun fikrincə, ölkə qanunvericiliyinə görə, Azərbaycanda satılan bütün məhsullar üzərində həm xarici, həm də Azərbaycan dilində məlumat olmalıdır: “Çünki məhsulun alıcısının məhsulla bağlı informasiya almaq hüququ var. Bu problem qonşu Gürcüstanda 10 il əvvəl həll olunub. Gürcüstan bazarında gürcü dilində məlumat olmayan məhsul tapmaq olmaz. Amma Azərbaycanda kifayət qədərdir. Biz bu məsələni dəfələrlə İqtisadiyyat nazirliyinin qarşısında qaldırmışıq. Amma nəticəsi olmayıb”.

Hüseynovun fikrincə, ölkəyə daxil olan istənilən məhsulun gigiyena sertifikatı olmalıdır: “Bu sertifikat alıcı tələb edərsə təqdim olunmalıdır”.

Səhiyyə nazirliyinin nəzdindəki Respublika sanitar-karantin müfəttyişliyinin əməkdaşı bizə bildirdi ki, ölkəyə daxil olan istənilən məhsula onların idarəsi gigiyena sertifikatı verir: “Azərbaycan qanunvericiliyinə görə, məhsulun üzərində Azərbaycan dilində məlumat olmalıdır”.

Müxbirimizin “ Bəs onda üzərində Azərbaycan dilində məlumat olmayan “Carabao” içkisi Azərbaycan bazarına necə daxil olub?” sualına Sanitar-karantin xidmətinin əməkdaşı belə cavab verdi: “Biz 7 iyunda bu məsələni araşdırıb sizə məlumat verəcəyik”.

Çingiz Rüstəmoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR