DİM bölgələrdə orta məktəbi bitirənləri imtahan edəcək

Dövlət İmtahan Mərkəzi 17, 23, 30 iyun tarixlərində bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları keçirəcək.

DİM-dən Oxu.Az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində təhsil alanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

Qaydalara əsasən, ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı yazılacaq. Misal üçün, şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 25 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 60 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənəcək (85 bal) və attestatına yazılacaq. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti təhsil sənədinə yazılacaq.

Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılacaq.

Qeyd edək ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə, eləcə də, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları qəbul) imtahanından topladıqları ballara əsasən iştirak edirlər. Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili (rus dili) və riyaziyyat fənni üzrə birlikdə 200 bal, tam orta təhsil səviyyəsi üzrə isə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil  fənlərindən 90 bal toplamaq mümkündür.

Xatırladaq ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsi 05, 12, 18 mart və 16 aprel tarixlərində keçirilib və şagirdlərin imtahan nəticələri DİM-in saytında yerləşdirilib.

Bölgələr üzrə imtahanların keçirilmə qrafiki ilə http://dim.gov.az/news/school-leaving/3051/ keçidinə daxil olmaqla tanış olmaq mümkündür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR