Elmar Məmmədyarov Kosta-Rikanın prezidenti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rika Respublikasına rəsmi səfəri çərçivəsində ölkə prezidenti Luis Gilyermo Solis tərəfindən qəbul edilib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə,  Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, xüsusilə son dövrlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı baxımından əlamətdar olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlər mübadiləsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Azərbaycanda son illər iqtisadi, sosial və maliyyə sahəsində həyata keçirilmiş islahatlar, əlverişli biznes mühiti barəsində prezident Luis Gilyermo Solisi məlumatlandıran E.Məmmədyarov iqtisadi-ticarət, turizm, enerji, logistika, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb. O həmçinin Kosta-Rikanın “ASAN viza” sistemində daxil edilməsinin Kosta-Rikadan ölkəmizə turist axınına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Azərbaycanın uğurlu inkişaf strategiyasının təqdirəlayiq hal olduğunu deyən prezident Luis Gilyermo Solis ölkəsinin Azərbaycanla müxtəlif əməkdaşlıq sahələrində münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR