İnsanların informasiya azadlığını kim məhdudlaşdırır? (ŞƏRH)

Mağazalardan kreditlə telefon alan vətəndaşlar problemlə qarşılaşır. Belə ki, krediti vaxtında ödəyə bilməyən şəxslərin telefonlarına blok qoyulub və bu da insanların haqlı narazılığına səbəb olub.

Paytaxtda fəaliyyət göstərən mobil telefon mağazalarının satıcıları deyirlər ki, bəzi satış məntəqələri imey-kodların qeydiyyat sisteminin “girov” moduluna qoşulublar. Satış həyata keçirən böyük mağazalarin tələbi ilə telefon şəbəkədən ayrılır. Bununla da telefondan istifadə mümkünsüz olur.

Məsələni “Qaynarinfo”ya şərh edən hüquqşünas Ələsgər Məmmədli bunun qanun pozuntusu olduğunu və vətəndaşların həmin şirkəti məhkəməyə verərək təzminat alma haqlarının olduğunu bildirib:

“İnformasiya və kommunikasiya vasitəsini hər hansısa bir məhkəmə qərarı olmadan bloklamaq və bunu da borca görə etmək birbaşa qanun pozuntusu, informasiya azadlığının məhdudlaşdırılmasıdır. Əgər vətəndaş aldığı əlaqə vasitəsinin kreditini ödəyə bilmirsə, mağaza həmin məhsulun geri alınmasını qanunvericiliyə uyğun şəkildə həyata keçirə bilər, lakin vətəndaşın əlində olan vasitənin xəbərləşməsinə qadağa qoyulması mülkiyyətlə, həmçinin borcla əlaqəsi olmayan prosesdir. Bu, konstitusiyasının 50-ci maddəsinə, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddəsinə uyğun olaraq qanun pozuntusudur. Vətəndaş haqqını əlindən alan şirkəti məhkəməyə verib təzminat ala bilər”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR