Məcburi köçkünü iki azyaşlı övladı ilə birlikdə polisə apardılar- LAÇININ İCRA BAŞÇISINDAN ŞƏHİD AİLƏSİNƏ HÖRMƏTSİZLİK – ŞİKAYƏT

Sosial problemlərdən qaynaqlanan narazılıqlar və vətəndaşların hüquqlarının pozulması son dövrlər bəzi rayonlarda daha da çoxalıb. Respublikanın bir çox yerlərində bu hallarla rastlaşmaq artıq adiləşib. Müşahidələr göstərir ki, bölgələrdə icra başçılarının özbaşınalığı artıq dözülməz həddə çatıb.

Gununsesi.info-nun xəbərinə görə, bəzi rayonlarda icra başçılarının dəyişdirilməsi ilə əlaqədar şikayətlərin sayı bir qədər azalsa da, elə rayonlar var ki, oradan, daha doğrusu, həmin rayonların icra başçıları haqqında daxil olan şikayətlərin sayı ilbəil artır və kütləvi xarakter daşımağa başlayıb.

Təsadüfi deyil ki, hər gün redaksiyamıza yerli məmurların özbaşınalığından onlarla şikayət məktubu gəlir. Haqsızlıqlarla üzləşən vətəndaşlar son ümid yeri kimi mətbuata üz tuturlar.

Rəsmi məlumatlara görə, hər il hökumət tərəfindən Prezident Administrasiyasına ən çox şikayət gələn rayonların statistikası aparılır. Hakimiyyət korrupsiyaya qarşı mübarizəni sərtləşdirir, özbaşınalığa yol verən məmurlara nəzarəti gücləndirir, mənimsəmələrdə ad çıxarmış vəzifə sahiblərinin “qayka”larını bərkidir. Lakin icra hakimiyyətlərinə nəzarət nə qədər çox artırılsa da, rayonlarda özbaşınalıq, süründürməçilik, vətəndaşlara qarşı haqsızlıq edən icra başçılarından şikayət edənlərin sayı günbəgün artır.

Ölkə başçısı islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoysa da, bölgələrdə bəzi icra başçıarı və məmurlar xalqı dövlətdən narazı salan hərəkətlər etməkdə davam edirlər.

Xalqı dövlətdən narazı salan icra başçılarından biri də Laçın Rayon İcra Hakimiyyətinin başçsı Aqil Nəzərlidir. Laçın rayonu qaçqın və məcburi koçkün bölgəsi olduğundan əhalinin problemləri digər rayonlarından fərqli və çoxdur.

Bu rayonun məcburi köçkünlərinin şikayəti isə daha çox sosial xarakterlidir. Elə Gununsesi.info-ya müraciət edən Laçın rayonu, Vağazin kənd sakini, şəhid bacısı Hümbətova Bilqeyis Süleyman qızının şikayəti də, məhz bu konteksdədir.

Belə ki, Azərbaycan Respublikasının prezidentinə müraciət edən şəhid bacısı məmur özbaşınalığından yazıb:

 

“Hörmətli Prezidentimiz!

Bildirirəm ki, mənim övladım Cənnət Cəllat oğlu Hümbətov Azərbaycan vətəndaşı, həmkəndlimiz Nailə Yaqub qızı Məhəmmədova ilə ailə həyatı qurub, iki övladları var. Övladım Cənnət Rusya vətəndaşıdır və onların rəsmi nikahı yoxdur. Onlar laçınlılar üçün nəzərdə tutulmuş Ağcabədi rayon Taxta-Körpü ərazisində yerləşən 552 saylı qəsəbədə 519 № -li qohum evində müvəqqəti yaşayırdı. Övladım Cənnət Hümbətov dəfələrlə Laçın rayon icra başçısına evsizliklə bağlı müraciət edib ki, artıq qohumum Ramiz Musayevlə birlikdə, onun evində yaşamaq çətinləşib. O icra başçısı Aqil Nəzərliyə bu haqda məlumat verib, bildirib ki, iki körpə övladı, həyat yoldaşı ilə küçədə yaşamağa məcbur qalacaq.

Lakin bir neçə dəfə etdiyi müraciətə baxmayaraq, rayon rəhbərliyi oğlumun, gəlinimin və nəvələrimin sosial problemiylə nəinki maraqlanmadı, heç cavab belə vermədi. İcra başçısının müraciətə etinasızlıq göstərdiyini görüb, çarəsiz qalaraq yuxarı orqanlara müraciət etməklə yanaşı Ölməz Liderimiz Heydər Əliyevin məzarına da məktubla müraciət edib.

Bundan xəbər tutan rayon rəhbəri Aqil Nəzərli övladımın və nəvələrimin ev problemini həll etmək əvəzinə biçarə vəziyyətdə qalıb Heydər Əliyevin məzarına müraciət etdiyinə görə bu il mayın 8-10 tarixlərində oğlumu ailəsi və iki övladı ilə birlikdə tutaraq Laçın Rayon Polis Şöbəsinə apararaq, orada ailəliklə hər birinə təzyiq və hədə-qorxu gəlməklə ac və susuz saxlatdırdı. İcra başçısının göstərişi ilə oğlum və ailəsi rayonun polis rəisi Adil Əsədovun təziqlərinə məruz qaldı. Nəticədə oğlum və ailəsinin Ağcabədi rayon Taxta-Körpü ərazisindən didərgin düşməsinə səbəb olub.

Övladımı ailəsi və iki azyaşlı övladı ilə birlikdə polis şöbəsindən buraxmadıqlarını görən digər oğlum Dağbəyi və qızım Gülaçar Hümbətovlar DİN-nin 102 Xidmətinə zəng vuraraq şikayət etdilər.

Yalnız 102 Xidmətinə şikayət edildikdən sonra övladımı ailəsi ilə polis şöbəsindən buraxdılar. Rayon polis şöbəsinə aparılan onkoloji və nevroz xəstəsi olan gəlinim şöbədən buraxıldıqdan sonra düşdüyü depressiyaya görə təcili tibbi yardıma göstərildi. Bildirirəm ki, gəlinim və nəvələrim ailənin himayadarı olan həyat yoldaşından ayrı düşdüyü üçün pisixi sarsıntı keçirirlər və qorxu içində yaşayırlar. Uşaqlar çox qorxur ki, atamızı tutacaqlar.

Yuxarıda göstərdiklərim nə dərəcədə düzgün olduğunu yoxlamaq istəsəniz Laçın rayon Təcili Tibbi yardımdakı qeydiyatı və DİN-inin 102-dəki şikayətimizi yoxlaya bilərsiniz.

Hörmətli Prezidentimiz!

Bildirirəm ki, mən şəhid bacısı olaraq gördüyüm haqsızlıqlara görə Laçın rayon icra başçısı Aqil Nəzərlinin qəbuluna getdim. Kaşki getməz olardım! Başçının qəbuluna gedəndə qardaşım şəhid Ələddin Süleyman oğlu Süleymanovun şəkilini də özümlə apararaq bildirmək istədim ki, şəhid qardaşım da Rusiya vətəndaşı idi, orada ali təhsil alırdı, amma təhsilini yarımçıq qoyaraq 1992-ci ildə vətənimizdə gedən döyüşlərə qatılmaq məqsədi ilə Azərbaycana gələrək Qarabağın azadlığı uğurunda gedən döyüşlər nəticəsində Ağdərə rayonunda qəhrəmancasına döyüşərək şəhid oldu.

Övladım Rusiya vətəndaşı olsa da axı o, azərbaycanlıdır. Atası, anası, bacıları və qardaşları kimi. Bir də ki, oğlum Rusiya vətəndaşı olsa da, gəlinim və nəvələrim Azərbaycan vətəndaşıdırlar. Bunları Aqil Nəzərliyə söylədikdən sonra o, məni qəbul otağında qoyaraq çıxıb getdi. Onu 15 dəqiqə gözləməyimə baxmayaraq, başçı qəbul otağına qayıtmadı. Qəbul otağında tək qaldığımı görüb oranı tərk edəndə gördüm ki, A.Nəzərli binanın dəhlizində o baş bu başa gəzinir və şikayətim yarımçıq qaldığından ona yaxınlaşıb şikayətimi davam etdirdim. Bunu görən icra başçısı qəzəblə işçilərə bildirdi ki, bunu buradan bayıra atın.

Hörmətli Prezident!

Aqil Nəzərli mənim 4-cü övladımla yaşıddır! Lakin o, şəhid bacısına və 8 övlad anasına bu cür hörmətsizlik göstərdi. Baxmayaraq ki, siz hər dəfə icra başçılarını danlayırsınız ki, vətəndaşlara diqqət və qayğıyla yanaşın, lakin A.Nəzərlinin sanki bunlardan xəbəri yoxdur.

Onu da bildirmək istəyirəm ki, bu az müdətdə rayona rəhbərlik edən Aqil Nəzərli rayonu cəngəllik qanunları ilə idarə edir. Şikayətçiləri təhqir edir, dinləmir, əksinə, ona amüraciət edənlərə kömək edib qayğı göstərmək əvəzinə, onsuz da çətin vəziyyətdə yaşayan məcburi köçkünləri bir az da əzir.

Sonda onu da bildirirəm ki, icra başçısı Aqil Nəzərli tərəfindən başına müxtəlif oyunlar açılan oğlum Cənnət Cəllat oğlu Hümbətov Rusiya Fedarasiyasının İrkutisk vilayətinin Bratiski şəhərində məcburi köçkün kimi qeydiyatdadır.

Cənab Prezident!

Sizin ali cənablığınıza, qaçqın və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya əmin olduğumdan sizə müraciət etdim. Ümidvaram ki, şəhid ailəsindən mərhəmətinizi əsirgəməyəcəksiniz.

Hörmətlə,

Laçın rayonu, Vağazin kəndinən məcburi köçkün və şəhid ailəsi

Hümbətova Bilqeyis Süleyman qızı”.

Gununsesi.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR