“Əmək müfəttişliyi “NORTH WEST” şirkətində araşdırma aparacaq”

2 iyun 2017-ci il tarixdə XeberBiz.az saytında “NORTH WEST” şirkəti vergi maxinasiyası edir? – Şikayət” başlıqlı məqalə dərc olunub. Məqalə Gəncə sakini Elşad Hacıyevin şikayəti əsasında hazırlanıb.

Vətəndaş Hacıyev Elşad Eldar oğlu bildirir ki, 30.03.2017 –ci il tarixdə 15:30 radələrində Gəncə şəhəri İcra hakimiyyəti ilə üz-bəüz mərkəzi küçədə yerləşən işlədiyi “NORTH WEST” şirkətinin “GANJA SHOPPİNG CENTER PROJEKT”-də iş zamanı aldığı xəsarətə görə ona ilkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq işəgötürən şirkət onu müalicə etdirməkdən imtina etmişdir.

Şikayətçi bildirir ki, şirkət rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq günlərlə aldadılaraq vətəndaş süründürməçiliyə salınmış və bu günə qədər müalicəsi üçün heç bir kömək olunmamışdır.

Vətəndaş bildirir ki, sağlamlığını bərpa etdirmək üçün öz hesabına bütün müalicə xərclərini həyata keçirmiş, hal hazırda isə ikinci müalicə etdirməyə maddi imkanı yoxdur. Aldığı xəsarətə görə şirkət tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir.

Biz vətəndaşın şikayətini araşdırdıq və məlum oldu ki, vətəndaş Hacıyev Elşad Eldar oğlu ilə 21 iyun 2016 – cı il tarixdə əmək müqaviləsi bağlanmış 19 iyul 2016-cı il tarixdə isə şirkət birtərəfli qaydada vətəndaşı xəbərdar etmədən əmək müqaviləsinə xitam vermişdir. (XeberBiz.az).

Həqiqətənmi, Elşad Hacıyev bir il “NORTH WEST” şirkətində əmək müqaviləsi olmadan işləmişdir ?

Suala cavab tapmaq üçün “NORTH WEST” ofisinə müraciət etdik.

Şirkətin əməkdaşı təklif etdi ki, telefon nömrəmizi qoyaq və şirkətin hüquqşünası bizimlə mütləq əlaqə saxlayacaq.

Amma təəssüf ki, şirkətdən bizə zəng olmadı.

Şirkətin Bakı ofisindən cavab ala bilmədiyimiz üçün biz “GANJA SHOPPİNG CENTER PROJEKT”-ə müraciət etdik.

Mərkəzin əmək təhlükəsizliyi üzrə məsul olan şəxsi Gülər ( soyadını demədi ) Qafqaz Xəbər Agentliyinə bildirdi ki, mən Elşad Hacıyev ad-soyadlı şəxsi tanımıram: “Bizdə 700-dən artıq adam çalışır. Mən onların hamısının ad-soyadını bilə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bizim şirkətdə Elşad Hacıyev iş vaxtı zədə almayıb”.

Elşad Hacıyev isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, mən işdə zədə almışam: “ Bunu məni müayinə edən həkimlər də təsdiq edə bilər”.

Hacıyevin sözlərinə görə, o dəfələrlə müalicəsinə kömək üçün “NORTH WEST” şirkətinə müraciət edib: “ Mən işə girəndə mənimlə əmək müqaviləsi bağladılar. Amma bir ay sonra mənim xəbərim olmadan əmək müqaviləsi ləğv olunub. Deməli mən 1 il əmək müqaviləsi olmadan şirkətdə işləmişəm”.

Məsələ ilə bağlı Əmək müfəttişliyinin 21-ci regional idarəsinin böyük inspektoru Kamran Ələsgərov Qafqaz Xəbər Agentliyinə bildirdi ki, əgər XeberBiz.Az saytının yazdıqları həqiqətdirsə, bunu cinayət kimi başa düşmək olar.

Əmək müfəttişliyinin rəhbəri Xaqani Səfərov isə bizə söz verdi ki, məsələni araşdırıb nəticəsi barədə bizə məlumat verəcək.

Sənan Məmmədli

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR