MTN polkovnikinin məhkəməsində “Zaminbank”ın sabiq filial müdiri ifadə verib

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Zaminbank” ASC-nin Nərimanov filialının müdiri olmuş Qubad Qubadov şahid qismində dindirilib.

O ifadəsində bildirib ki, 2012-ci ilin aprelin 7-i şənbə günü olmasına baxmayaraq, xaricdən həvalə yolu ilə göndərilən 900 min ABŞ dollarını qəbul ediblər. Onun sözlərinə görə, həmin gün Nəriman adlı müştəri Vidadi Əzizovla banka gəlib: “Göndərilən pulun 600 min dollarını Nərimanın yanında Vidadi Əzizova verdim. O da pulu götürərək, bankdan çıxıb getdi. Sonradan Vidadi Əzizovun MTN əməkdaşları tərəfindən saxlanıldığını eşitdim. Elə həmin gün MTN-dən mənə zəng gəldi. Telefonda olan həmin şəxs bankda qalan pulu da nazirliyə gətirməyimi istədi. Mən də həmin pulu MTN əməkdaşlarına verdim”.

Məhkəmənin növbəti proses iyunun 23-nə təyin edilib.

İttihama görə, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR