Ölümlə hədələndiyini deyən aktrisanın alim “sevgilisi” danışdı

Xəbər verdiyimiz kimi, aktrisa-model Əfsanə Qasımova keçmiş sevgilisi, memar Cahid Həsənovun onu ölümlə hədələdiyi barədə açıqlama verib.

Qafqaznews.az-ın məlumatına görə, Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunmuş Cahid Həsənov “Ölkə.az” saytının redaksiyasına zəng edərək haqqında səsləndirilən fikirlərə münasibət bildirib.

O, öz növbəsində aktrisa-model Ə.Qasımovanın ünvanına ittihamlar səsləndirib:

“Dünən haqqımda şikayət edən qadın onun sevgilisi olduğumu və ondan əl çəkməyərək hədələdiyimi iddia edib. İlk öncə qeyd edim ki, təqribən bir il öncə Lider TV-də “Həyat tərzi” verilişində yayımda olarkən bu şəxs də bir qadın salonunun siması kimi iştirak edirdi. O, daha sonra mənə zəng vuraraq  50-100 manatlıq sima olmaqdan bezdiyini bildirdi və məndən mütəxəssis kimi kömək istədi. Həmçinin başqa modellər kimi pis yola düşmək istəmədiyini dedikdən sonra, mən ona brendini elə formalaşdıracağımı və heç kimə minnətsiz, halal pul sahibi olacağını vurğuladım.

Bu sahənin peşəkarı kimi, mən bu müddət ərzində əlimdən gələn dəstəyi ona vermişəm. Adam verdiyini, etdiyini dilə gətirməz, ancaq seriallara çəkilişdən verilişlərə çıxmağa qədər ona şərait yaratmışam. Hətta daha sonra ona təklif etdim ki, maddi dəstəyi mən göstərməklə bir qadın salonu açsın. Reklam və marketinq işi də mənim tərəfimdən olmaqla, halallıqla pulumuzu qazanaq. Razılıq oldu.

Bir neçə aydır ki, mənim investisiyamla açdığımız salon fəaliyyət göstərir. Danışığımız belə olmuşdu ki, gəlirin 60%-i onun, 40%-i mənim olacaqdı. Bu razılıq əsasında bir neçə ərazidə iri ölçülü reklam lövhələri yerləşdirdim. Ancaq açılışa yaxın gördüm ki, bu xanım faiz məsələsində söhbətdən yayınır və üstəlik əlavə işlərə görə də vəsait istəyir. Ona əlavə vəsait verə bilməyəcəyimi dedikdə, özünü büruzə verməyə başladı. Nə qədər izah etməyə çalışdım ki, bu iş mən dediyim strategiya ilə davam etməlidir, xeyri olmadı. Hətta mən onu məhkəməyə verəcəyimi dedim və o, “qara məni basınca, qoy qaranı mən basım” taktikasına keçərək böhtan atmağa başladı. Mənə zəng vuraraq əlavə pul verməsəm şantaj edəcəyini bildirdi. Ona artıq heç bir ödəniş etməyəcəyimi və biznes şərikliyimizin bitdiyini bildirdim. Məni biabır etməklə və ailəmi dağıtmaqla hədələdi. Mən də əlindən gələni etməyini dedim”.

C.Həsənov aralarındakı davanın pula görə yarandığını qeyd edib:

“Bəli, bu dava olub və biznes davası idi. Məni təəccübləndirən isə çörək verdiyim, dəstək verdiyim şəxsin iftirasına məruz qalmağımdır. Guya, mən demişəm ki, gedib onu güllələyərəm. Mənim güllələrim mənim yaratdığım memarlıq əsərləridir. Onun kimi böhtançı adamlar isə uzun illərdir ki, pul çəkmək üçün bu kimi variantlardan istifadə ediblər. Yazıq belələrinə ki, pula görə hər cür iyrəncliyə əl atırlar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR