Sahibkar Milli Məclisin sədrinə deputatlardan şikayət etdi – ““Unibank”ı müdafiə etməyin!!!”

Yadınızdadırsa, ötən həftələrin birində İsmayıllı rayonundan olan və elə öz rayonunda da kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərovun problemlərini işıqlandırmışdıq. İşin nəticəsini izləmək məqsədilə Namət Əsgərovla əlaqə saxladıq. Sahibkardan vəziyyətin nə yerdə olduğunu soruşduqda isə N.Əsgərov heç nəyin dəyişmədiyini, “Unibank”ın zərrə qədər də olsun insafa gəlmədiyini bildirdi. Düzü, Unibankın bu mövqeyini, sahibkarlara qarşı bu münasibətinin səbəbini anlaya bilmədik. Sahibkarın danışdıqlarından, araşdırmalarımızdan sonra belə nəticəyə gəlirik ki, Unibank müştərilərə – xüsusən kiçik sahibkarlara məlum iki devalvasiyadan sonra heç bir şans tanımaq niyyətində deyil. Ən azından bunu N.Əsgərovun timsalında eşitdik, gördük.

AZXEBER.COM xəbər verir ki, bu dəfə Namət Əsgərov Milli Məclisin deputatlarından-millət vəkillərindən Milli Məclisin sədrinə şikayət ərizəsi ünvanlayıb. Şikayətin tam mətnilə məqalənin sonunda tanış ola bilərsiz. Qısa məqamları isə diqqətinizə çatdırmaq istərdik.

N.Əsgərov bildirir: “Bu problem təkcə mənim problemim deyil-yəni şəxsi məsələ deyil. Bu problem yüzlərlə, minlərlə azərbaycanlının, Azərbaycan vətəndaşının problemidir. Və ən əsası həlli mümkün problemdir. Lakin nəyə görə aidiyyəti qərarverici şəxslər hələ də susur, bunu anlaya bilmirəm. Mən bunu hər kəsə şamil etmirəm, edə də bilmərəm. Bir sıra deputatlarımız var ki, onlar həqiqətən də millətin vəkilləri olduqlarını sübut edir və bu missiya ilə çıxış edirlər. Allah onları qorusun. Amma nədənsə əksər millət vəkilləri hələ də susur və millətini banklarla mübarizədə tək qoyur. Unudurlar ki, bu millət lazımi vaxtda onları tək qoymayıb, bu millət onları millətin vəkili seçib. Seçib ki, dar günündə millətinin yanında olsunlar!!!…

Sahibkar bu və bu kimi digər arqumentləri əsas tutaraq Milli Məclisin sədri cənab Oqtay Əsədova şikayət məktubu ünvanlayıb: “Nəyə görə əksər millət vəkilləri bankların özbaşınalığına susaraq şübhə obyektinə çevrilirlər?! Nəyə görə millət vəkillərimiz millətin yox, bankların mövqeyini üstün tuturlar?! Deputatlarımız bilsinlər ki, nə qədər onlar susacaq və bankların hegomonluğuna qarşı həmrəy olmayacaqlarsa, banklar həmin deputatları özlərinə vəkil edən sadə vətəndaşları sümürəcək, məhv edəcək və son dövrlərdə gördüyünüz kimi, intihar həddinə çatdırmaqla yox edəcəklər.”

“Mən də “Unibank”ın “sadə vətəndaşları, kiçik sahibkarları müflisləşdirmə siyasəti”nin çoxsaylı qurbanlarından biriyəm.”-deyən vətəndaş deputatları bu məsələdə birlik olmağa, xalqın, millətin yanında olmağa səsləyib.

Sonda N.Əsgərov “Unibank” rəsmilərinə də öz fikirlərini çatdırıb: “Mən sizdən mərhəmət yox, ədalətli və vicdanlı addım gözləyirəm – Real, ağlabatan qrafik təqdim edin, borcunuzu kişi kimi son qəpiyinə qədər ödəyim!”




  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR