Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə – YENİLƏNİB

Son üç gündə Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə xəstəxanaya müraciət edilib.

Oxu.Az-ın xəbərinə görə, bunu APA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır:

“Ayın 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”.

İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb:

“Bu nümunələrin nəticələri məlum olandan sonra biz dəqiq səbəbləri biləcəyik. Hazırda bizim işimiz bu infeksiyanın mənbəyini axtarmaqdır. İnfeksiya sudan da düşə bilər, qidadan da. Ona görə də əməkdaşlarımız su idarəsində olacaq və içməli sudan da nümunələr götürüləcək”.

16:35

Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət edən uşaqların vəziyyətində hazırda təhlükəli bir hal yoxdur.

Oxu.Az-ın məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Nazirliyin sözçüsü bildirib ki, 60-a yaxın azyaşlı uşaq ishal və qusma diaqnozu ilə xəstəxanaya qəbul edilib:

“Müayinə və ilkin tibbi yardım göstərildikdən sonra onların bir qismi dərhal evə buraxılıb. Hazırda xəstəxanada qalan uşaqlar özlərini yaxşı hiss edirlər və həkimlərin təkrar müayinəsindən sonra onlar da evə buraxılacaqlar”.

L.Bayramova uşaqların nədən zəhərləndiklərinin hələ məlum olmadığını bildirib:

“Uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq”.

L.Bayramova nazirliyin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının xəstəxanada olduqlarını və vəziyyəti nəzarətdə saxladıqlarını vurğulayıb.

14:59

Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən kütləvi müraciət daxil olub:

“Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR