Vahid Əliyev niyə işdən çıxarıldı?

“Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi”.
BakuPost.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin işdən çıxarılması məsələsini şərh edərkən deyib. O, V.Əliyevin son vaxtlar səhhəti ilə bağlı probleminin olduğunu da diqqətə çatdırıb: “Hərbçi dili ilə yazacağam. Hər bir Komandir istəyir ki, onun güclü Qərargahı olsun. Ağıllı və savadlı, bacarıqlı, əqidəsi və mənəvi cəhətləri sağlam olan komanda istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olur. Lakin hörmətli Vahid Əliyevin son vaxtlar onu narahat edən sağlamlığı ona tam şəkildə imkan vermirdi ki, öz vəzifə borclarını layiqincə yerinə yetirsin. Və sözsüz ki, Ali Baş Komandana ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı gündəlik ən operativ və dəqiq xəbərləri məruzə edən şəxslərdən biri də, məhz bu vəzifənin daşıyıcısı olan şəxs olmalıdır. Təəssüf ki, son zamanlar ölkə başçısı bu sahədə lazımi şəkildə ətraflı bilgilər almaqda çətinlik çəkdiyinə görə, o bu sahəni canlandırmaq üçün belə bir qərar verib. Hesab edirəm ki, ölkəsinin indiki şəraitdə müharibə vəziyyətində olmasını gecə-gündüz bilən bir şəxs kimi Ali Baş Komandan doğru olan nədirsə, onu da edib”.
Xatırladaq ki, dünən Azərbaycan prezidenti İlham Əliyev prezident administrasiyasında dəyişikliklər edib.
Administrasiyanın yeni strukturuna əsasən, Fuad Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
BakuPost

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR