“Status məsələsini tezləşdirmək istədik, bu da müharibə ilə nəticələndi” – “Müharibədən qaçmağın bir yolu vardı…”

Ermənistanın başını itirmiş baş naziri məğlubiyyətə haqq qazandırmaq üçün çabalarını davam etdirir.

“AzPolitika.info” xəbər verir ki, Nikol Paşinyan nədən müharibə başlayan kimi, yəni sentyabrın 27-də Azərbaycanla sülh razılaşmasına getmədiyinə dair suallara aydınlıq gətirməyə çalışıb. Yenə də özündən əvvəlki hakimiyyətin ona Qarabağ danışıqları ilə bağlı qoyduğu mirasdan gileylənən Paşinyan deyib ki, Azərbaycanla razılaşmanın yeganə yolu Qarabağın ətrafındakı işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılmasından keçirdi: “Biz isə buna gedə bilməzdik. Çünki bizim yox, düşmənin atəşkəs istəməsinə nail olacağımıza inanırdıq. Təəssüf ki, bu baş vermədi.”

Paşinyan deyib ki, müharibə qaçılmaz idi və Ermənistan ona hazırlaşırdı: “Müharibədən qaçmağın bir yolu vardı – Qarabağın statusu müəyyən edilmədən 5 rayonun qaytarılması. Yeni hökumətə əvvəlki hökumətdən belə miras qalmışdı.”

Məğlub ölkə başçısı deyib ki, müharibə onun hökumətinin qondarma rejimin statusu məsələsində təkid etdiyi üçün başlayıb: “Status məsələsini hər hansı yolla tezləşdirmək istədik, bu da müharibə ilə nəticələndi. Azərbaycan addım-addım maliyyə və hərbi imkanlarını gücləndirərək əvvəlcə Qarabağı (qondarma rejimi-red.) danışıqlardan sıxışdırıb çıxardı. Sonra isə Qarabağın Azərbaycandan kənar statusu məsələsini gündəlikdən çıxardı.”

Paşinyan deyib ki, danışıqlardakı yeganə dəqiq tezis ətraf rayonların qaytarılması idi. Qarabağın statusu məsələsi isə qeyri-müəyyən idi.

Bununla da Paşinyan növbəti dəfə məsuliyyəti öz üzərindən atmağa çalışsa da, digər tərəfdən Azərbaycanın gücünü və məğlubiyyətin qaçılmaz olduğunu etiraf etmiş olub.

Cəlal

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR