“Belə bir sistem qurulsa, evdən çıxmaqlarına ehtiyac qalmaz” – ÇIXIŞ YOLU

Zaman-zaman koronavirus xəstələrinin izolyasiya qaydalarını pozaraq, yaşadıqları mənzili tərk etməsi halları ilə rastlaşırıq. Onlar hüquqi müstəvidə cəzalandırılır, cinayətə cəlb olunurlar. Özləri ilə yanaşı, başqa insanların həyatlarını da riskə atdıqları üçün qınanılır, tənqidlərə məruz qalırlar. Əlbəttə, iradlar haqlıdır.

Lakin empati quraraq, özümüzü onların yerinə qoyaq. Bəzən dərmana, ərzağa ehtiyac yaranır. Həmin lazımlı məhsulları alıb, gətirəcək yaxınları olmur. Yaxud da qoyum-əqrəbaları infeksiyaya yoluxmaqdan çəkindikləri üçün COVİD xəstələrinin evinə gəlmir, yardım etmirlər. Belə məqamda həmin şəxs evdən çıxmağa məcbur qalır.

Bəs, onların tələbatlarının ödənilməsi üçün bir qurumun yaradılması yaxşı olmazmı?

“Sherg.az”ın sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dünyada COVİD -19 xəstələrinin evdə qalması üçün görülən tədbirlərə dair təcrübə var. Yəni onlara ya Qeyri – Hökümət Təşkilatları, ya da dövlət tərəfindən xidmətlər göstərilir:

“Məsələn Avropa ölkələrində könüllülər formalaşır. Bir çox hallarda bu işlərlə QHT-lər məşğul olur. Koronavirus xəstələrinin siyahısını yerli idarə etmə orqanları ilə birgə dəqiqləşdirirlər.

Onların ehtiyaclarını ödəmək üçün dövlət də QHT-lərə yardım göstərir. Könüllü gənclər də xəstlərə xidmət işi ilə məşğul olurlar. Azərbaycanda da belə mexanizmin yaradılmasına ehtiyac var.

Əsas odur ki, COVİD xəstələri mənzili tərk etməsinlər.

Ehtiyac yarandıqda həmin könüllü dəstələrlə əlaqə saxlasınlar. Onlar da dövlət tərəfindən ayrılan maliyyə hesabına müəyyən tələbatlarını ödəyə bilər.

Belə bir sistem qurulsa, evdən çıxmaqlarına ehtiyac qalmaz. Əgər xidmət ola-ola kimsə öz kefi üçün, evdən çıxırsa, onlara qarşı cəza tədbirləri görülməlidir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR