Canni De Byazi: “Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq”

“Mənim üçün Azərbaycan millisi ilə irəliyə doğru atılan ən böyük addım qəbul etdiyimiz hədəflərdir. Bu, çox vacibdir. Hazırda komandamızda bir qədər sabitlik var”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyanın “İndependent” nəşrinə açıqlamasında deyib.

64 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın dünya çempionatının seçmə mərhələsindəki şanslarından danışıb: “Böyük hücumçularımız yoxdur. Bu, bizim üçün problemdir. Ancaq heyətimiz yaxşıdır”.

İtaliyalı baş məşqçi qrupdakı rəqiblərdən İrlandiya seçməsinə rəhbərlik edən Stiven Kenni haqqında da fikirlərini bölüşüb: “Həmkarım məndən 4 ay əvvəl – aprel ayında işə başlayıb. Bu səbəbdən, o, komandası ilə bir az vaxt keçirib. İrlandiyanın əvvəlki oyunlarda problemi axmaq qollar buraxması idi. Millətlər Liqasının qrupunda Uelsə qarşı yaxşı çıxış etdiniz, yaxşı oynadınız, amma pis qol buraxdınız. Onlara məğlub olsanız da, daha yaxşı oynayan tərəf idiniz. Oyun üslubunuzu bəyənirəm. Matçda qalib gəlmək üçün çox fürsətləriniz oldu, lakin son nöqtəni qoya bilmədiniz”.

De Byazi irlandiyalı futbolçuların ölkə xaricində çıxış etdiklərini və bunun üstünlük olduğunu söyləyib: “Sizin “Liverpul” klubunda çıxış edən qapıçınız var. Belə komandada 22 yaşlı qapıçının olması yığma üçün yaxşıdır. Azərbaycanda isə oyunçular yerli çempionatda çıxış edir. İrlandiya millisinin oyunçuları İngiltərədə oynayır. Azərbaycandakı çempionat İngiltərədəki liqalarla müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyə yaxşıdır, lakin rəqabət azdır”.

Təcrübəli baş məşqçi qrupun favoriti hesab edilən Portuqaliya yığması barədə bunları deyib: “Portuqaliya, Serbiya və İrlandiya qrupda güclü üç komandadır. Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq. Biz bu qrupa beşinci səbətdən düşmüşük. Portuqaliya digərlərindən fərqli keyfiyyətə malikdir. Təkcə Kriştianu Ronaldu yox, Avropanın digər böyük liqalarında oynayan futbolçuları var. Beynəlxalq arenada qol vurmaq asan deyil. Komandanızda Ronaldu yoxdursa, qol vurmaq çətindir. İrlandiya Serbiya ilə birlikdə ikinci yer uğrunda mübarizə aparacaq. Komandanın yeni baş məşqçi ilə yeni uğurlara kökləndiyini bilirəm. Millətlər Liqasındakı son üç oyunu və AVRO-2020-nin seçmə mərhələsindəki matçı izlədim. İngiltərə ilə oyunu da baxdım, İrlandiya yaxşı komandadır”.

Mütəxəssis daha əvvəl Azərbaycan millisində baş məşqçi postuna namizəd olan Roy Kin haqqında çox danışmaq istəməyib: “Kin əla və möhtəşəm oyunçu idi. Buna görə də özümü onunla müqayisə etməyəcəyəm”.

De Byazi Azərbaycandakı həyatı barədə də fikirlərini bölüşüb: “Mən Bakıda yaşayıram, bura gəlmək və burada yaşamaq mənim üçün vacib idi. Azərbaycanlılar yaxşı insanlardır. Onlar ölkəyə gələn əcnəbilərə qarşı çox mehribandırlar. Bakı gözəl şəhərdir, biz Xəzər dənizinin yanındayıq. Çox gözəl də stadionumuz var”. Baş məşqçi son olaraq Albaniya yığmasında işlədiyi dönəmi xatırladıb: “Mən Albaniyada olduğum vaxt çox az adam 2016-cı ildə Fransadakı Avropa çempionatına gedəcəyimizi düşünürdü. Orada da indi olduğum mövqedən başlamışdım. Mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, Azərbaycan yığması Serbiya, Portuqaliya, Lüksemburq və İrlandiya millisi ilə birlikdə A qrupunda qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR