Avropa Parlamenti Navalnı ilə bağlı qərar qəbul etdi

Avropa Parlamenti Rusiyada həbs olunan müxalif siyasətçi Aleksey Navalnının işi ilə bağlı qərar qəbul edib. 
Qaynarinfo DW-yə istinadla xəbər verir ki, 581 millət vəkilindən 50 nəfəri sənədin əleyhinə səs verib, 44 nəfər bitərəf qalıb.
Qətnamənin mətnində qeyd olunur ki, Navalnı və tərəfdarlarının tutulması bir siyasətçinin korrupsiyalaşmış rejimi ifşa etməsinin qarşısını almaq üçün Rusiya hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasi motivli repressiyalardır. Avropa Parlamenti üzvləri Aleksey Navalnının tutulması və həbs edilməsi qərarında iştirak edən fiziki və hüquqi şəxslərə, həmçinin rejimlə əlaqəli rus oliqarxlarına, Rusiya prezidentinin yaxın çevrəsinin üzvlərinə, habelə media təbliğatçılarına qarşı sanksiya tətbiq edilməsini tələb edirlər.
Sənəddə Avropa Birliyindən dərhal Şimal Axını-2 layihəsinin tamamlanmasına mane olmaq və müxtəlif xarici siyasət platformalarında Rusiya ilə əməkdaşlığa yenidən baxılması tələb olunur.
Əlavə edək ki, AP-nin beynəlxalq məsələlərə dair qətnamələri məcburi deyil, deklarativ xarakterlidir.
Xatırladaq ki, Navalnı 17 yanvarda Almaniyadan Rusiyaya dönüb. Şeremetyevo hava limanında pasport nəzarətində saxlanılıb. Gecəni Ximki polis bölməsində keçirib, ertəsi gün məhkəmə çıxışı iclasında ona 15 fevrala qədər həbs cəzası kəsilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR