Azərbaycanın 2021-ci il üçün vəzifələri: Xankəndi, Ağdərə, Əsgəran… – Deputat

“2021-ci ildə qarşımızda Xankəndinin, Ağdərənin, Əsgəranın üçrəngli bayrağımızla gözünü açması, dünya erməniliyinin son dirənişinin qırılması, Naxçıvanla Həyat Yolunun açılması kimi təxirəsalınmaz vəzifələr durur”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, 2021-ci ildə beşdə-beş qələbə qazanmamız üçün rəmzi olaraq 55 günlük daha bir yürüşə ehtiyacımız olacaq:

“Son 100-200 ildə bu məmləkətin azadlığı üçün şəhid olmuş, yaralanmış, sürgünlərdə can vermiş, qazamatlarda zülm çəkmiş insanların ruhlarının nəhayət ki, tam şəkildə sevinməsi üçün tarixin bizə miras buraxdığı yaraları çətinliklərlə olsa da, hökmən sağaltmalıyıq. Bunun üçün yeni bir kəşfə ehtiyacımız yoxdur. Sadəcə indiyədək millət olaraq etdiyimiz səhvləri təkrarlamamaq yetərlidir. 2020-ci ilin 8 noyabr tarixi Azərbaycanlıların bu günkü nəsli üçün öz doğum təqvimi ilə yanaşı, millət olaraq birlikdə mənəvi diriliş günüdür. Bu dirilişi bizə nəsib etdiyinə görə Böyük Yaradana, qəhrəman Azərbaycan əsgərinə, müzəffər Ali Baş Komutanımıza və qardaş Türkiyəmizə şükranlarımızı heç zaman unutmayaq”.
Fazil Mustafa bu il üçün uğurlarından da danışıb:
“Belə ki, 2020-ci ildə daha 3 kitabım çapdan çıxdı və əgər bu çalışmalarla cəmiyyətimizdə sağlam düşüncənin yayılmasına töfhəm olarsa, bundan faydalı gözləntim ola bilməz. İlləri uğurlu, faydalı göstərən insanların əməllərdir. Əməllərimizlə 2021-ci ili də dəyərli, faydalı ilə çevirməyi Allah bizlərə nəsib etsin”.
Bahar Rüstəmli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR